Rusiya ABŞ vasitəçiliyi ilə Ukrayna ilə aparılan sülh danışıqlarının yenidən bərpa olunacağına ümid edir.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva danışıqların davam etdirilməsi üçün siyasi iradənin mövcud olduğunu düşünür.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, Rusiya və Ukrayna arasında danışıqlar fevral ayından etibarən faktiki olaraq dayanıb. Lakin son günlər Vaşinqtonun diplomatik səyləri yenidən intensivləşib. ABŞ rəsmiləri Moskva və Kiyevlə təmasları artıraraq danışıqların bərpası üçün mümkün yol xəritəsi üzərində işləyirlər.
Peskovun sözlərinə görə, Rusiya ABŞ-la əlaqələrin davam etdirilməsində maraqlıdır. O, həmçinin Donald Tramp və Vladimir Putin arasında baş tutan son telefon danışığını Moskva-Vaşinqton təmaslarının davam etdiyinin göstəricisi kimi qiymətləndirib.
Bununla belə, danışıqların qarşısında ciddi maneələr qalır. Əsas fikir ayrılıqlarından biri ərazi məsələsidir. Kiyev Rusiyanın ərazi güzəştləri ilə bağlı tələblərini qəbul etmir.
Tərəflər arasında məhbus mübadiləsi məsələsi də diplomatik gündəmdə qalır. Moskva yaxın vaxtlarda ABŞ prezidentinin xahişi ilə amerikalı Robert Gilmanı azad etdiyini bildirib.
//Samir Qurbanov, Editor.az

