Rusiya-Ukrayna müharibəsi artıq yalnız iki ölkə arasındakı hərbi qarşıdurma çərçivəsində deyil, regional və qlobal təhlükəsizlik arxitekturasına təsir edən mürəkkəb geosiyasi proses kimi davam edir. Cəbhədə hərbi əməliyyatların intensivliyi ilə yanaşı, tərəflərin mümkün yeni addımları, səfərbərlik imkanları və diplomatik təşəbbüslər də müharibənin növbəti mərhələsinin konturlarını müəyyənləşdirir. Bu baxımdan qarşıdakı aylar həm döyüş meydanında, həm də diplomatik müstəvidə mühüm dəyişikliklərlə yadda qala bilər.
Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin mahiyyəti sülh çağırışları fonunda müharibənin davam etdirilməsinə hesablanıb:
“Məsələ heç də tərəflərdən hansınınsa sülhdə maraqlı olub-olmamasında deyil. Məsələ Rusiyanın nüvə təhdidini neytrallaşdırmaq üçün sülh istəyi adı altında onun əsəblərini soyutmaqdır. Bir neçə il əvvəl Rusiyanın ərazisinə indiki kimi deyil, bunun cüzi bir hissəsi qədər hücum edilib zərbələr endirilsəydi, artıq böyük ehtimalla Rusiya Ukraynaya nüvə zərbəsi vurmuşdu. Məhz bu səbəbdəndir ki, Ukraynanın hərdən maliyyəsinin, silah təchizatının və Starlink təminatının kəsilməsi, həmçinin Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahların verilməməsinin imitasiyası Rusiyanın başının altına yastıq qoyulması idi.
Amma indi Rusiyanın bütün əraziləri müxtəlif silahlardan istifadə edilərək vurulur. Hər gün Ukrayna Rusiyanın logistika mərkəzlərini, neft emalı zavodlarını, neft və yükdaşıyan gəmilərini məhv edir. Rusiya isə bunu adi qarşılayır. Sadəcə, Ukraynaya zərbələrin intensivliyini artırır.
Rusiya son həmlə kimi səfərbərliyə hazırlaşır xəbərləri gəlir. Bunun nəticə verəcəyi böyük sual altındadır. Qarşı tərəf də bunu bilir və müdafiə xəttini gücləndirir. Hesab edirəm ki, ilin sonuna, gələn ilin əvvəlinə səfərbərlikdən sonra son döyüş baş verəcək. Bundan sonra ya Rusiya məğlub duruma düşüb daxili iğtişaşlara cəlb olunacaq, ya da kimin məğlub olduğu bəlli olmayan atəşkəs elan ediləcək”.
//Gülnarə Abasova, Editor.az

