Yaponiya və Avstraliya müdafiə sənayesi sahəsində mühüm əməkdaşlıq sazişi imzalayıb. Razılaşmaya əsasən, Tokio Kanberraya 11 ədəd “Mogami” sinifli çoxməqsədli freqat tədarük edəcək.
Gəmilər Yaponiyanın aparıcı sənaye şirkətlərindən biri olan Mitsubishi Heavy Industries tərəfindən inşa olunacaq. Saziş Yaponiyanın müdafiə ixracı tarixində ən iri layihələrdən biri hesab edilir.
Ekspertlərin fikrincə, razılaşma Yaponiya ilə Avstraliya arasında hərbi-strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərir. Layihə həmçinin Hind-Sakit okean regionunda təhlükəsizlik və müdafiə əməkdaşlığının gücləndirilməsinə xidmət edəcək.
Müasir silah və radar sistemləri ilə təchiz olunan “Mogami” sinifli freqatların Avstraliya Hərbi Dəniz Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. Saziş regionda artan təhlükəsizlik çağırışları fonunda iki ölkənin müdafiə sahəsində əməkdaşlığını yeni səviyyəyə qaldırır.
//Samir Qurbanov, Editor.az


