Alimlər şizofreniya ilə əlaqəli 641 yeni gen aşkar ediblərbackend

Alimlər şizofreniya ilə əlaqəli 641 yeni gen aşkar ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq alimlər qrupu şizofreniyanın yaranma riskinə təsir göstərə bilən 641 əvvəllər məlum olmayan geni müəyyən edib.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu Nature Genetics jurnalında dərc olunub və göstərib ki, bu psixi pozuntu təkcə ayrı-ayrı gen mutasiyaları ilə deyil, bütöv gen şəbəkələrinin qarşılıqlı fəaliyyəti ilə əlaqədardır.  

Mütəxəssislərin sözlərinə görə, şizofreniya uzun illərdir irsi xəstəlik hesab olunsa da, onun inkişafına təsir edən konkret DNT sahələrinin müəyyənləşdirilməsi çətin olaraq qalır. Bunun əsas səbəbi risk yaradan genetik variantların çox vaxt təsir göstərdikləri genlərdən uzaq yerləşməsidir.  

Bu mürəkkəb əlaqələri araşdırmaq üçün alimlər 102 mindən çox insanın genetik məlumatlarını, həmçinin yüzlərlə donorun beynindən götürülmüş toxuma nümunələrini təhlil ediblər. Araşdırmada beynin altı müxtəlif hissəsindən əldə olunan məlumatlardan istifadə olunub. Yeni hesablama modelləri sayəsində uzaq DNT sahələri ilə gen aktivliyi arasındakı tənzimləyici əlaqələr izlənilib.  

Nəticədə tədqiqatçılar şizofreniya ilə əvvəllər əlaqələndirilməmiş yüzlərlə geni müəyyən ediblər. Aşkarlanan 641 genin bir çoxunun beyində siqnal ötürülməsi, xüsusilə qlutamat mexanizmləri, neyronlararası qarşılıqlı əlaqə, beyin inkişafı və immun sisteminin fəaliyyəti ilə bağlı olduğu məlum olub.  

Tədqiqat müəllifləri hesab edirlər ki, şizofreniya bir və ya iki genin “sıradan çıxması” nəticəsində deyil, bütöv genetik proqramlarda yaranan pozuntular səbəbindən inkişaf edir. Onların fikrincə, bu yanaşma gələcəkdə daha dəqiq diaqnostika üsullarının və xəstəliyin bioloji mexanizmlərinə uyğun fərdiləşdirilmiş müalicə metodlarının hazırlanmasına şərait yarada bilər.  

//Gülnarə Abasova, Editor.az