Rusiyanın Voronej şəhərində hərbi sənaye kompleksi ilə əlaqəli müəssisəyə pilotsuz uçuş aparatları ilə hücum edildiyi barədə məlumatlar yayılıb.
Ukrayna tərəfi zərbənin raket sistemləri üçün elektron komponentlər istehsal edən zavoda yönəldiyini açıqlayıb. Məlumatlarda müəssisənin “İskəndər” operativ-taktiki raket kompleksləri və “Kalibr” qanadlı raketləri üçün avadanlıqların istehsalında iştirak etdiyi iddia olunur.
Hadisə zamanı şəhərdə bir neçə güclü partlayışın baş verdiyi, sənaye obyektinin ərazisində yanğının qeydə alındığı bildirilir. Yerli hakimiyyət orqanları hava hücumu nəticəsində sənaye obyektlərindən birinin zərər gördüyünü təsdiqləsələr də, müəssisənin adını açıqlamayıblar.
Hücumun nəticələri və obyektə dəyən ziyanın miqyası ilə bağlı rəsmi məlumatların dəqiqləşdirilməsi davam edir. Hadisə Rusiyanın müdafiə sənayesi obyektlərinə qarşı son aylarda həyata keçirilən uzaqmənzilli zərbələrin davamı kimi qiymətləndirilir.
//Samir Qurbanov, Editor.az


