Ukrayna rəhbərliyi 2026-cı ilin əvvəlində Moskvanın hava limanlarının fəaliyyətini pozmaq məqsədilə süni intellektlə idarə olunan dronlardan istifadə ediləcək genişmiqyaslı əməliyyat planını nəzərdən keçirib.
Editor.az xəbər verir ki, bu barədə The Atlantic məlumat yayıb.
Nəşrin məlumatına görə, “M&Ms” kod adlı planın əsas məqsədi Moskvanın beynəlxalq hava əlaqəsini pozmaq, Rusiyanın siyasi elitasına təzyiq göstərmək və Kreml rəhbərliyini danışıqlara sövq etmək olub.
Plan çərçivəsində süni intellekt texnologiyalarından istifadə edən dronların hava limanlarının fəaliyyətinə müdaxilə etməsi nəzərdə tutulub. Dronların naviqasiya və hədəflərin müəyyənləşdirilməsi prosesində avtonom texnologiyalardan istifadə etməsi planın əsas xüsusiyyətlərindən biri olub.
The Atlantic yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenski layihə ilə bağlı müəyyən narahatlıqlar ifadə edib.
Xüsusilə mülki aviasiyaya mümkün təhlükələr və əməliyyatın nəticələrinin nəzarətdən çıxması ilə bağlı risklər müzakirə olunub.
Məlumata görə, planın hazırlanmasına rəhbərlik edən Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorovun iyul ayında vəzifədən ayrılmasından sonra layihənin icrası dayandırılıb. Onun yerinə Yevgeni Xmara təyin edilib və əməliyyatın gələcək taleyi qeyri-müəyyən olaraq qalır.
Nəşr bu təşəbbüsü Ukraynanın Rusiyanın dərinliklərində həyata keçirdiyi dron əməliyyatlarının daha geniş miqyasda davamı kimi qiymətləndirir. Bu strategiyanın ən diqqətçəkən nümunələrindən biri 2025-ci ildə həyata keçirilən “Hörümçək toru” əməliyyatı olub.
//Samir Qurbanov, Editor.az

