Çin Xalq Azadlıq Ordusunda süni intellektin hərbi idarəetməyə tətbiqi sürətlənir. Lakin eyni vaxtda ordunun yüksək komandanlığında təcrübəli generalların vəzifədən uzaqlaşdırılması Pekinin hərbi idarəetmə modelində ciddi suallar yaradır.
Editor.az xəbər verir ki, bu barədə Yaponiyanın Aoyama Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Djehvan Lim War on the Rocks üçün yazdığı məqalədə qeyd edib. Ekspert Çin rəhbərliyinin süni intellektə artan marağı ilə peşəkar hərbi kadrların zəifləməsi arasında ziddiyyət olduğunu vurğulayıb.
Çin hərbi doktrinasında süni intellektin komandirləri tamamilə əvəz etməsindən çox, onların qərarvermə imkanlarını gücləndirməsi nəzərdə tutulur. Süni intellekt böyük həcmdə məlumatları təhlil edə, mümkün variantlar hazırlaya və qərarvermə prosesini sürətləndirə bilər.
Lakin son qərarın və bunun məsuliyyətinin insan komandirində qalması prinsipinə xüsusi diqqət yetirilir.
Bununla belə, son illərdə Çin ordusunun yüksək səviyyəsində genişmiqyaslı kadr dəyişiklikləri baş verib. 2026-cı ilin yanvarında Mərkəzi Hərbi Komissiyanın sədr müavinlərindən Çjan Yousya və Birgə Qərargah rəisi Liu Çjenlinin araşdırmaya cəlb edilməsi hərbi rəhbərlikdə ciddi boşluqlar yaradıb.
Lim hesab edir ki, təcrübəli komandirlərin azalması fonunda süni intellektə həddindən artıq güvənmək gözlənilməz nəticələrə gətirib çıxara bilər. Xüsusilə də hərbi sistemin yuxarı rəhbərliyinə daxil olan məlumatların keyfiyyəti zəifləyərsə, süni intellekt yanlış və ya natamam məlumat əsasında düzgün olmayan tövsiyələr verə bilər.
Bununla yanaşı, Çin ordusu süni intellektdən hədəflərin müəyyənləşdirilməsi, kəşfiyyat, kibermüharibə, məlumatların emalı və qərar dəstəyi kimi müxtəlif istiqamətlərdə istifadə imkanlarını genişləndirir. ABŞ-ın Strateji və İnkişaf edən Texnologiyalar Mərkəzinin (CSET) araşdırmasına görə, Pekin hərbi süni intellekt sistemlərinin tətbiq dairəsini əhəmiyyətli dərəcədə genişləndirməyə çalışır.
Ekspertlərə görə, əsas risk süni intellektin Çin ordusunda tətbiq olunması deyil, texnologiyanın təcrübəli hərbi komandirlərin itirilməsini kompensasiya etmək vasitəsinə çevrilməsidir. Çünki müharibə şəraitində bütün qərarlar yalnız məlumatların sürətli emalından ibarət deyil; qeyri-müəyyən vəziyyətləri qiymətləndirmək və qəbul edilən qərara görə məsuliyyət daşımaq da mühüm rol oynayır.
Beləliklə, Pekinin qarşısında əsas sual süni intellektin generalları əvəz edib-etməyəcəyi deyil, insan komandirlərlə süni intellekt arasında düzgün balansın necə qurulacağıdır.
//Samir Qurbanov, Editor.az

