G7 ölkələrinin Ukrayna müharibəsi ilə bağlı nümayiş etdirdiyi yeni həmrəylik beynəlxalq təhlükəsizlik mühitində mühüm geosiyasi dəyişikliklərin baş verdiyini göstərir. Qərbin Rusiyaya qarşı daha koordinasiyalı siyasət yürütməsi Avropa və Avrasiya məkanında qüvvələr balansına birbaşa təsir edən amillərdən biridir. Azərbaycan üçün əsas prioritet regionda sabitliyin qorunması, beynəlxalq hüququn prinsiplərinin dəstəklənməsi və enerji təhlükəsizliyinin təmin edilməsidir. Bu baxımdan, G7-nin vahid mövqedən çıxış etməsi müharibənin gələcək dinamikası və regional proseslərin inkişaf istiqaməti baxımından diqqətlə izlənilən məsələlərdəndir.
Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, G7 sammitində ABŞ-ın da Qərb koalisiyası ilə eyni siyasi xətt üzrə hərəkət edəcəyi aydın şəkildə müşahidə olundu:

“Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi, eləcə də birgə müdafiə mexanizmlərinin formalaşdırılması bunun göstəricisidir. Hesab edirəm ki, ABŞ ilə Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşməsi və Yaxın Şərqdə müəyyən proseslərin nisbətən sabitləşməsi Vaşinqtonun diqqətini yenidən Ukrayna istiqamətinə yönəltməsinə səbəb olacaq. Əgər ABŞ bu prosesdən kənarda qalsaydı, bu, onun həm Avropada, həm də Avrasiya məkanında mövqelərinin əhəmiyyətli dərəcədə zəifləməsinə gətirib çıxara bilərdi.
Donald Tramp müəyyən müddət ərzində Rusiya ilə birlikdə Ukraynaya təzyiq göstərməyə və Avropanı danışıqlar prosesindən uzaqlaşdırmağa çalışdı. Lakin görünən odur ki, bu yanaşma ABŞ-ın maraqlarına uyğun nəticə vermədi. Hazırda isə ABŞ prezidenti G7 sammitində Rusiyanın neft-qaz sektoruna qarşı sanksiyaların tətbiqinin vacibliyini xüsusi vurğulayıb.
Təbii ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, Ukraynaya uzaqmənzilli silahların və hava hücumundan müdafiə sistemlərinin verilməsi Moskvanı danışıqlar prosesinə cəlb etmək və müəyyən güzəştlərə sövq etmək məqsədi daşıyır. Hesab etmirəm ki, bu təzyiqlər müharibəni daha dağıdıcı mərhələyə keçirəcək. Əksinə, Rusiyanı müəyyən kompromislərə getməyə məcbur edə bilər. Ukraynaya göstərilən dəstək də məhz bu məqsədə xidmət edir.
ABŞ-ın yenidən Avropa ilə əməkdaşlığı gücləndirməsi Qərb koalisiyasının əvvəlki birlik formatına qayıtdığını göstərir. Çünki bir müddət əvvəl həqiqətən də Qərb daxilində ciddi fikir ayrılıqları mövcud idi, ABŞ və Avropa arasında siyasi gərginlik müşahidə olunurdu. Hazırda isə həmin mərhələnin geridə qaldığını görürük. Düşünürəm ki, Qərb koalisiyası bundan sonra Rusiyaya qarşı daha sərt addımlar ata bilər və bu da Ukraynanın müqavimət imkanlarını daha da gücləndirə bilər”.
//Gülnarə Abasova, Editor.az


