Si Cinpin ABŞ prezidenti Donald Tramp ilə Pekində keçirilən görüş zamanı Tayvan məsələsi ilə bağlı Vaşinqtona sərt mesaj verib.
Editor.az-ın məlumatına görə, Çin lideri bildirib ki, bu məsələyə yanlış yanaşma Çin–ABŞ münasibətlərində ciddi böhran və hətta qarşıdurma yarada bilər.
Si Cinpinin sözlərinə görə, Tayvan məsələsi Pekin üçün əsas milli maraqlardan biridir və burada atılacaq yanlış addımlar iki ölkə arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb ola bilər. O qeyd edib ki, “əgər Tayvan məsələsinə düzgün yanaşılmasa, iki ölkə qarşıdurma ilə üz-üzə qala bilər”.
Məlumata görə, Trampın Çinə dövlət səfəri mayın 13-də başlayıb. ABŞ nümayəndə heyətində bir sıra iri biznes dairələrinin təmsilçiləri də yer alıb. Tərəflərin görüşdə İranla bağlı vəziyyət, Çin–Rusiya münasibətləri və qlobal təhlükəsizlik məsələlərini müzakirə etdiyi bildirilir.
Qeyd edək ki, Vaşinqton və Pekin arasında Tayvan məsələsi uzun illərdir əsas geosiyasi gərginlik mövzularından biri hesab olunur. Çin Tayvanı öz ərazisinin bir hissəsi sayır, ABŞ isə adaya siyasi və hərbi dəstəyini davam etdirir.
//Gülnarə Abasova, Editor.az


