VTB İran əməliyyatlarına görə hədəfdə
ABŞ Maliyyə Nazirliyi Rusiyanın ikinci ən böyük bankı olan VTB-yə qarşı yeni sanksiyalar tətbiq edib.
Musavat.com xəbər verir ki, bu barədə müxalif meduza.io saytı məlumat yayıb.
Bildirilir ki, Vaşinqton bankı İrana qarşı sanksiyalardan yayınmağa kömək etməkdə, sanksiya altındakı İran bankları ilə maliyyə əlaqələri qurmaqda və milyardlarla dollar həcmində dondurulmuş İran aktivlərinin hərəkətində iştirak etməkdə ittiham edir.
Bu qərarın Azərbaycan üçün diqqətçəkən tərəfi isə VTB-nin Bakıda fəaliyyət göstərən törəmə bankının olmasıdır. Bank VTB (Azərbaycan) Rusiya VTB qrupunun yerli maliyyə qurumudur. VTB qrupu 2008-ci ildə Azərbaycanda fəaliyyət göstərən AF Bankın 51 faizini alıb. Bank daha sonra VTB Azerbaijan adlandırılıb və onun rəsmi açılışı 23 noyabr 2009-cu ildə keçirilib.
Əslində, VTB-nin Azərbaycan strukturu ABŞ sanksiyalarından ilk dəfə indi təsirlənmir. Vaşinqton 2014-cü ildə Rusiyanın Ukrayna siyasətinə görə VTB qrupuna qarşı sektor sanksiyaları tətbiq edib. Həmin məhdudiyyətlərin VTB-nin Azərbaycandakı törəmə bankına da aid olduğu ABŞ sənədlərində göstərilib. 2022-ci ildə isə ABŞ Maliyyə Nazirliyi VTB Bank Azerbaijan Open Joint Stock Company-ni ayrıca sanksiya siyahısında qeyd edib.
İndi isə VTB yeni və daha ciddi risklə üzləşib. ABŞ bu dəfə bankı İran sanksiyalarından yayınma mexanizmlərində iştiraka görə hədəfə alıb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, VTB son illərdə İranda ofislər açıb, sanksiya tətbiq edilmiş İran maliyyə qurumları ilə bank əlaqələri yaradıb, İran rialı ilə Rusiya rublu arasında hesablaşma mexanizmləri qurub və dondurulmuş İran aktivlərindən milyardlarla dolların köçürülməsinə çalışıb. ABŞ-ın yeni addımının mühüm tərəfi ondan ibarətdir ki, məsələ artıq təkcə Rusiya bankının özünə qarşı sanksiya ilə məhdudlaşmır. Vaşinqton VTB ilə işləyən xarici maliyyə qurumlarını da ikinci dərəcəli sanksiyalar riski ilə üz-üzə qoyur. Bu isə VTB-nin beynəlxalq bank əlaqələrini daha da çətinləşdirə bilər. ABŞ-ın bu qərarı eyni zamanda Çinlə bağlı daha geniş strategiyanın elementi kimi qiymətləndirilir. Analitik və ABŞ Maliyyə Nazirliyinin keçmiş sanksiyalar üzrə əməkdaşı Miad Maleki hesab edir ki, VTB-yə qarşı İran xətti ilə tətbiq edilən yeni sanksiyalar Çin banklarına da mesajdır. Onun fikrincə, Pekin bankları VTB ilə əlaqələri davam etdirəcəkləri halda İran sanksiyaları üzrə ikinci dərəcəli məhdudiyyətlərlə üzləşməkdən ehtiyat edə bilərlər.
Görən budur ki, Bakıda da fəaliyyət göstərən VTB yeni ABŞ sanksiyalarının daha sərt mərhələsinə daxil olur. Bank 2014-cü ildən Vaşinqtonun sanksiya mexanizminin içindədir, 2022-ci ildən isə daha ağır məhdudiyyətlər altındadır. İndi isə İranla bağlı yeni sanksiyalar onun Rusiya ilə yanaşı, Tehranla maliyyə əlaqələrini də ABŞ-ın hədəfinə gətirib.Bu baxımdan məsələ Azərbaycan üçün də diqqətçəkəndir: Bakıda fəaliyyət göstərən Rusiya bankının əsas səhmdarı və qlobal VTB şəbəkəsi ABŞ-ın həm Rusiya, həm də İran siyasəti çərçivəsində getdikcə daha sərt maliyyə təzyiqinə məruz qalır.

