Sentyabrın 15-də ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayır.
Oxu.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına görə, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə 504 413 şagird təhsil alacaq. I sinfində 39 999, IX sinfində 49 167, XI sinfində 39 479, XII sinfində 99 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 35 043 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 17 863 beşyaşlının cəlb olunacağı gözlənilir.
Bu il ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.
Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 715 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 137 tərbiyəçi-müəllim çalışır.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 729 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.

