Bəzi deputatlar icra hakimiyyəti orqanları və nazirliklərlə ünsiyyət qurmaqda ciddi çətinliklərlə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, təqdim olunan rəsmi məktublara və zənglərə lazımi diqqət ayrılmır, bir çox hallarda originates cavablar aşağı səviyyəli məmurlar tərəfindən verilir. Hətta Səhiyyə Nazirliyi daxil olmaqla, müxtəlif qurumların rəhbərləri və nazirlərlə birbaşa görüşmək imkanlarının məhdud olduğu vurğulanır. Bu vəziyyət xalqın seçdiyi nümayəndələrin vətəndaş problemlərini effektiv şəkildə həll etməsinə mane olur.
Maraqlıdır, məmurların deputat müraciətlərinə bu cür laqeyd münasibəti qanunverici və icra edici hakimiyyət arasında ünsiyyət mexanizminin hansı aksaqlarindan xəbər verir və bu problemi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
AĞ Partiya başqanı Tural Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, millət vəkillərinin əsas vəzifəsi qanunvericilik fəaliyyətini həyata keçirməkdir:
“Millət vəkilinin işi qanunverici orqanda fəaliyyət göstərməkdir. Parlament icraedici orqan deyil. Millət vəkillərinin əsas vəzifəsi qanun layihələri hazırlamaq, qanunları müzakirə və qəbul etmək, zərurət yarandıqda mövcud qanunvericiliyə dəyişikliklər etməkdir.
Ona görə də millət vəkilinin vətəndaşın hər hansı problemini birbaşa həll etmək səlahiyyəti yoxdur. Deputat seçicini dinləyə, onun problemini aidiyyəti qurumun qarşısında qaldıra və həmin məsələnin həllinə diqqət çəkə bilər. Lakin problemin birbaşa həlli icraedici orqanların vəzifəsidir.
Buraya nazirliklər, komitələr, agentliklər və yerli icra hakimiyyəti orqanları daxildir. Vətəndaşın səhiyyə, təhsil, sosial təminat, kommunal xidmətlər, yol, məşğulluq və digər gündəlik problemlərinin həlli həmin qurumların birbaşa səlahiyyətinə daxildir.
Əslində, nazirliklər və digər dövlət qurumları deputatların müraciətlərinə müsbət yanaşmalıdırlar. Çünki deputat seçicilərdən aldığı məlumatları həmin qurumlara çatdırmaqla bir növ dövlət idarəçiliyinə əlavə informasiya ötürür. Nazirlik müəyyən bir kənddə, rayonda və ya seçki dairəsində hansı problemin olduğunu deputatın müraciəti vasitəsilə daha operativ şəkildə öyrənə bilər. Bu baxımdan deputat müraciəti dövlət qurumu üçün əlavə yük yox, əksinə, mövcud problemlər barədə informasiya mənbəyi olmalıdır.
Amma bizdə çox vaxt bunun əksini görürük. Deputatların rəsmi müraciətlərinə vaxtında cavab verilmir, telefon zəngləri cavabsız qalır və məsələnin mahiyyəti üzrə məsul şəxslərlə birbaşa kommunikasiya qurmaq çətinləşir. Belə bir münasibət formalaşanda ortaya çox yanlış mənzərə çıxır: sanki vətəndaşın problemini həll etmək deputatın, dövlət qurumunun isə bu məsələyə münasibət bildirmək kimi əlavə bir öhdəliyi yoxdur.
Burada məsələ təkcə deputatların dövlət qurumları ilə münasibətindən ibarət deyil. Əgər xalq tərəfindən seçilmiş deputatın müraciətinə lazımi münasibət göstərilmirsə, təbii olaraq sual yaranır ki, sıravi vətəndaş həmin qurumlara müraciət etdikdə onun problemi hansı səviyyədə dinlənilir və nə dərəcədə operativ həll olunur?
Mən hesab edirəm ki, burada qanunverici və icraedici hakimiyyətin bir-birindən asılı olması məsələsindən söhbət getmir. Hakimiyyət bölgüsü prinsipinə əsasən qanunverici, icraedici və məhkəmə hakimiyyətinin hər birinin ayrıca səlahiyyətləri var. Deputat icraedici orqanın işini görməməlidir, icraedici orqan da qanunverici orqanın səlahiyyətlərinə müdaxilə etməməlidir.
Amma hakimiyyət qollarının ayrılığı onların bir-biri ilə kommunikasiya qurmaması demək deyil. Əksinə, dövlət idarəçiliyinin effektivliyi üçün bu institutlar arasında sağlam və institusional əməkdaşlıq mexanizmləri olmalıdır. Deputat seçicinin problemini aidiyyəti quruma çatdırırsa, həmin qurum da müraciətə münasibət bildirməli, məsələni araşdırmalı və nəticə barədə deputata məlumat verməlidir.
Çünki vətəndaşın deputata müraciət etməsinin səbəbi çox vaxt onun birbaşa dövlət qurumuna çıxış imkanının məhdud olmasıdır. İnsan öz problemini deputata çatdırır və gözləyir ki, seçdiyi nümayəndə bu məsələni aidiyyəti qurumun qarşısında qaldırsın. Əgər deputatın müraciətinə də cavab verilmir və məsələ nəticəsiz qalırsa, bu, artıq dövlət-vətəndaş münasibətlərində ciddi kommunikasiya probleminin olduğunu göstərir.
Təbii ki, vətəndaş deputatdan qanunun qəbul edilməsinə görə də hesabat tələb edə bilər. Məsələn, seçici soruşa bilər ki, “Niyə bu qanunu belə qəbul etmisiniz?”, “Niyə pensiya yaşını bu formada müəyyən etmisiniz?”, “Niyə səhiyyə və ya təhsil sahəsində qanunvericilik belədir?” Bu məsələlər parlamentin və deputatların məsuliyyət dairəsinə daxildir və millət vəkilləri bu suallara cavab verməlidirlər.
Amma vətəndaşın “işığım yoxdur, qazım yoxdur, yolum yoxdur, işsizəm, gəlirim kifayət etmir” deməsi artıq icraedici orqanların birbaşa müdaxiləsini tələb edən məsələdir. Deputat bu problemi aidiyyəti qurumun qarşısında qaldıra bilər, amma onun yerinə icraedici qərar qəbul edə bilməz.
Bu baxımdan hesab edirəm ki, problemə yalnız deputatların dövlət qurumları ilə münasibəti kimi yanaşmaq düzgün deyil. Məsələnin kökündə dövlət idarəçiliyində koordinasiya və kommunikasiya mexanizmlərinin yetərincə effektiv işləməməsi dayanır.
Bizdə hakim Yeni Azərbaycan Partiyası həm qanunverici orqanda çoxluğu təşkil edir, həm də icraedici hakimiyyətdə əsas siyasi qüvvədir. Buna görə də ortaya çıxan problemlərə görə ümumi siyasi məsuliyyət məsələsi də gündəmə gəlir. Əgər vətəndaşla dövlət qurumları arasında belə bir kommunikasiya problemi yaranırsa, burada artıq hökumətdən soruşmaq lazımdır: nə üçün vətəndaşın dövlət strukturlarına çıxışı bu qədər çətinləşib və niyə insanların problemlərinin həlli üçün deputatın belə aidiyyəti qurumlarla əlaqə yaratması problemə çevrilib?
Məsələnin həlli üçün ilk növbədə deputat müraciətlərinə baxılması ilə bağlı daha effektiv və şəffaf institusional mexanizm yaradılmalıdır. Hər bir müraciətin qeydiyyata alınması, məsul quruma yönləndirilməsi, müəyyən edilmiş müddətdə cavablandırılması və nəticəsinin deputata təqdim olunması təmin edilməlidir. Bu, həm deputatın seçicisi qarşısında məsuliyyətini yerinə yetirməsinə, həm də dövlət qurumlarının vətəndaş problemlərinə daha operativ münasibət göstərməsinə imkan verər.
Əks halda, deputat vətəndaşla dövlət arasında əlaqələndirici rolunu yerinə yetirmək istəsə də, qarşı tərəfdə adekvat kommunikasiya mexanizmi olmadıqda bu proses nəticəsiz qalacaq. Burada əsas məqsəd hakimiyyət qollarının səlahiyyətlərini qarışdırmaq yox, hər bir qurumun öz funksiyasını effektiv yerinə yetirməsini təmin etməkdir”.
// Gülnarə Abasova, Editor.az

