Mərkəzi Klinikada 1600 manatlıq ŞİKAYƏTƏ HƏKİMDƏN CAVABbackend

Mərkəzi Klinikada 1600 manatlıq ŞİKAYƏTƏ HƏKİMDƏN CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Mərkəzi Klinika və müəssisənin Kardiologiya şöbəsinin müdiri, Əməkdar həkim Firdovsi İbrahimovla bağlı sosial şəbəkədə şikayət yayılıb.

Musavat.com xəbər verir ki, şikayətçi infarkt keçirən anasını təcili olaraq Mərkəzi Klinikaya yerləşdirdiyini, stent qoyulduqdan sonra isə ondan əlavə ödəniş tələb edildiyini iddia edib.

Şikayətçinin sözlərinə görə, əvvəlcə 2500 manat ödəniş tələb olunub, etirazından sonra məbləğ 1900, daha sonra isə 1600 manata endirilib. O, ödənişdən imtina etmədiyini, sadəcə tələb olunan məbləğin hansı tibbi xidmətin qarşılığında olduğunu və xidmətin icbari tibbi sığorta tərəfindən qarşılanıb-qarşılanmadığını rəsmi şəkildə bilmək istədiyini bildirib.

Vətəndaş həkim Firdovsi İbrahimov tərəfindən ona qarşı təhqiramiz ifadələr işlədildiyini də iddia edib. O, həmçinin ağır əməliyyat keçirmiş anasının yanında ödənişlə bağlı müzakirə aparılmasından narazılığını bildirib və məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət etdiyini qeyd edib.

Firdovsi İbrahimov isə Musavat.com-a açıqlamasında pasiyentin vəziyyətinin son dərəcə ağır olduğunu və tibbi müdaxilənin təxirəsalınmaz xarakter daşıdığını bildirib.

Həkimin sözlərinə görə, 60 yaşlı qadın səhər saat 6 radələrində Mərkəzi Klinikanın Təcili tibbi yardım şöbəsinə ağır ürək çatışmazlığı, hemodinamik qeyri-stabil vəziyyət və kardiogen şokla gətirilib. Onun bildirdiyinə görə, pasiyentin oksigen saturasiyası 70 faiz, arterial təzyiqi 80/50 mmHg, nəbzi isə dəqiqədə 133 olub. Xəstənin ağciyər ödemi vəziyyətində olduğu bildirilib.

“Yaxınlarına xəstənin vəziyyətinin ağırlığı barədə məlumat verildi və vəziyyətinin stabilləşdirilməsi məqsədilə kardioreanimasiyada təqib olunmasının vacibliyi bildirildi”, – deyə F.İbrahimov qeyd edib.

Şöbə müdiri bildirib ki, Mərkəzi Klinika təsərrüfat hesablı tibb müəssisəsidir və burada bir sıra tibbi xidmətlər ödənişli əsaslarla həyata keçirilir. Onun sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərlə yanaşı, “Xidmətlər Zərfi”nə daxil olmayan tibbi xidmətlər də mövcuddur.

F.İbrahimovun sözlərinə görə, ödənişli xidmətlərlə bağlı xəstə yaxınına qəbul şöbəsində əvvəlcədən məlumat verilib və müvafiq razılıq sənədləri imzalanıb.

“Xəstə kardioreanimasiya şöbəsinə yerləşdirildikdən sonra vəziyyəti nəzərə alınaraq, xəstə yaxınlarının ödəniş etməsi gözlənilmədən dərhal protokola uyğun müalicəyə başlanılıb. Bu müddət ərzində xəstənin oğlu müxtəlif səbəblər göstərərək ödəniş etməkdən yayınıb. Buna baxmayaraq, xəstənin müalicəsini təcili olaraq klinikaya gələrək, birbaşa öz rəhbərliyim altında həyata keçirdik”, – deyə həkim bildirib.

F.İbrahimovun sözlərinə görə, pasiyentin vəziyyəti nisbətən stabilləşdikdən sonra o, angioqrafiya laboratoriyasına köçürülüb. Müayinələr zamanı xəstənin hər üç koronar damarında daralma aşkar edilib. Həkim bildirib ki, əsas damarlardan birində kritik darlıq olduğundan açıq ürək əməliyyatı zəruri hesab edilib. Lakin pasiyentin ümumi vəziyyəti həmin mərhələdə cərrahi müdaxiləyə imkan verməyib.

“Cərrahiyyənin çox riskli olduğu və əməliyyatın bir neçə gün sonra mümkün ola biləcəyi müəyyən edildi. Lakin xəstənin həyatı təhlükədə idi və gözləmək onun itirilməsi ilə nəticələnə bilərdi. Bu səbəbdən klinikamızın yüksək texnoloji imkanlarından və müasir metodlardan istifadə etməklə, peşəkar komandamızla xəstəni cərrahi əməliyyat keçirmədən invaziv müdaxilə ilə kritik vəziyyətdən çıxarmaq qərarına gəldik”, – deyə şöbə müdiri vurğulayıb. Onun sözlərinə görə, damar xüsusi tibbi avadanlıqlardan istifadə edilməklə açılıb və bundan sonra pasiyentin vəziyyəti stabilləşib.

Həkim istifadə olunan tibbi ləvazimatların ABŞ və Yaponiyada istehsal edildiyini və bahalı olduğunu bildirib. F.İbrahimov bildirir ki, pasiyentin vəziyyəti stabilləşdikdən sonra onun oğlu tibbi xidmətlərin ödənişi ilə bağlı narazılıq yaradıb və tibb heyətinə qarşı hörmətsiz ifadələr işlədib.

“Bütün bunlara baxmayaraq, xəstənin müalicəsi davam etdirildi. Xəstənin özü isə evə yazılarkən komandamıza təşəkkürünü bildirdi”, – deyə həkim qeyd edib.
F.İbrahimov həmçinin xəstənin oğlu ilə bir dəfə görüşdüyünü bildirib. Onun sözlərinə görə, pasiyentin yaxını özünün işğaldan azad edilmiş ərazilərdən olduğunu deyib. Həkim isə müharibə iştirakçısı olduğu halda klinikada həmin kateqoriyaya aid şəxslərə güzəştlərin tətbiq edildiyini bildirib. Həkimin sözlərinə görə, pasiyentin oğlu Vətən müharibəsində iştirak etmədiyini deyib.

F.İbrahimov həkimlərə qarşı səsləndirilən əsassız ittihamların və birtərəfli yanaşmaların səhiyyə sahəsinə mənfi təsir göstərə biləcəyini bildirib.
“Bu cür hallarda həkimlərə qarşı əsassız, qarşı tərəfin mövqeyi öyrənilmədən ittihamların səsləndirilməsi ciddi etimad probleminə səbəb olur. Bəzi klinikaların ağır xəstələri qəbul etməkdən çəkinməsi də belə halların nəticələrindən biri ola bilər”, – deyə o bildirib.

Həkim hər kəsi peşəkar fəaliyyət göstərən tibb işçilərinə qarşı əsassız ittihamlara münasibətdə obyektiv olmağa çağırıb.