Hindistanda keçirilən BRİKS sammiti Çinin qlobal nüfuzunun artdığını göstərdi
Hindistanın paytaxtı Yeni Dehlidə sentyabrın 12–13-də keçirilən BRİKS sammiti həm ev sahibi ölkənin diplomatik mövqeyini möhkəmləndirib, həm də Çinin birlik daxilində artan təsirini bir daha ortaya qoyub.
Editor.az xəbər verir ki, Sammitdə Çin, Rusiya, Hindistan, İran və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla 11 inkişaf etməkdə olan ölkənin liderləri iştirak edib. Çin lideri Si Cinpin yeddi ildən sonra ilk dəfə Hindistana səfər edərək Pekinin BRİKS çərçivəsində daha fəal rol oynamaq niyyətini nümayiş etdirib.
Reuters-in məlumatına görə, Çin BRİKS daxilində süni intellekt üzrə açıq mənbəli texnologiya zonası yaradılması və üzv ölkələr arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi təkliflərini irəli sürüb. Sammitin yekun sənədində milli valyutalarla ticarətin genişləndirilməsi və mərkəzi bankların rəqəmsal valyutaları arasında uyğunluğun artırılması kimi məsələlər də öz əksini tapıb.
Bununla yanaşı, Çinin maliyyə və ödəniş infrastrukturu sahəsində dominant mövqeyə çıxması bəzi ölkələrdə narahatlıq yaradır. Hindistan Pekinin təklif etdiyi mBridge rəqəmsal ödəniş platformasına münasibətdə ehtiyatlı mövqe nümayiş etdirib.
Ekspertlərin fikrincə, sammit Hindistan üçün diplomatik uğur sayılsa da, BRİKS-in genişlənməsi və yeni maliyyə mexanizmlərinin yaradılması Çinin təşkilat daxilində təsir imkanlarını daha da artıra bilər.
//Samir Qurbanov, Editor.az

