Yaxın Şərqdə yeni eskalasiya qlobal neft bazarında ciddi narahatlıq yaradıb
Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərginləşməsi dünya enerji bazarlarına birbaşa təsir göstərməkdə davam edir. Sentyabrın 15-də neftin qiyməti təxminən 3 dollar bahalaşaraq son aylarda ən yüksək səviyyələrdən birinə yüksəlib.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına əsasən, Brent markalı neftin qiyməti gün ərzində 2,81 dollar artaraq bir barel üçün 108,49 dollara, ABŞ-ın WTI markalı nefti isə 3,29 dollar bahalaşaraq 104,68 dollara çatıb.
Qiymət artımının əsas səbəblərindən biri Səudiyyə Ərəbistanında neft infrastrukturu ilə bağlı təhlükəsizlik problemləridir. Husi qüvvələrinin hücumlarından sonra ölkənin Qırmızı dəniz sahilində yerləşən Yanbu limanında neft yükləmələrinin dayandırıldığı bildirilib.
Liviyada isə etiraz aksiyaları nəticəsində üç neft yatağının fəaliyyəti dayanıb. Ölkənin Milli Neft Korporasiyası hasilatın bərpa olunmaması halında fövqəladə vəziyyət elan edə biləcəyini açıqlayıb.
Digər tərəfdən, Hörmüz boğazından gəmi hərəkətinin əhəmiyyətli dərəcədə azalması da bazarlarda narahatlığı artırır. Bu marşrut dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıdığından, burada uzunmüddətli pozuntu qlobal neft və yanacaq qiymətlərinə ciddi təsir göstərə bilər.
Analitiklər hesab edirlər ki, Yaxın Şərqdəki təchizat problemləri davam edərsə, neftin qiyməti daha da yüksələ bilər. Bəzi qiymətləndirmələrdə Brent neftinin 120–130 dollar səviyyəsinə çatması ehtimalı da qeyd olunur.
//Samir Qurbanov, Editor.az

