Putin niyə Zelenskiyə toxunmur? – Üç əsas səbəbbackend

Putin niyə Zelenskiyə toxunmur? – Üç əsas səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son aylarda Ukraynanın paytaxtı Kiyev Rusiya ordusunun ən intensiv raket və pilotsuz uçuş aparatı hücumlarından bir neçəsini yaşayıb. Maraqlı məqamlardan biri odur ki, bu hücumların bir qismi Ukrayna prezidenti Volodimir Zelenskinin xarici səfərləri ilə eyni vaxta təsadüf edir. Bu isə həm Ukraynada, həm də Rusiyada eyni sualın yaranmasına səbəb olur: Moskva Zelenskinin ölkədə olmadığı vaxtları qəsdən seçir?

Bir versiyaya görə, Rusiya şəhərin hərbi və sənaye obyektlərini vurmağa çalışarkən prezidentin həmin vaxt ölkədə olmaması sadəcə təsadüfdür.Digər versiyaya görə isə Kreml Zelenskinin öldürülməsinin yaratdığı beynəlxalq nəticələri nəzərə alaraq belə riskdən yayınmağa çalışır və əməliyyatların vaxtını buna uyğun planlaşdırır.

Picture background

Musavat.com xəbər verir ki, “Svodnoya Pressa” bu suala ekspertlərdən cavab axtarıb. Bir sıra siyasi analitiklər hesab edirlər ki, Kremlin Zelenskini fiziki olaraq aradan götürməməsinin arxasında hərbi deyil, siyasi hesablamalar dayanır.

Birinci səbəb

Rusiyanın rəsmi mövqeyi uzun müddətdir ki, Zelenskinin legitimliyi ilə bağlı suallar ortaya qoyur. Buna baxmayaraq, Kremlin yüksək səviyyəli rəsmilərinin son açıqlamaları göstərir ki, hazırkı mərhələdə Ukrayna adından real qərar qəbul edə biləcək əsas fiqur yenə də Zelenskidir.

Bu baxımdan Moskva hesab edə bilər ki, müharibənin hansısa mərhələsində sülh sazişi imzalanarsa, həmin sənədə Ukrayna tərəfindən imza atacaq şəxs məhz Zelenski olacaq. Onun aradan götürülməsi isə siyasi və hüquqi baxımdan yeni qeyri-müəyyənlik yarada, danışıqları daha da mürəkkəbləşdirə bilər.

İkinci səbəb

2024-cü ildən sonra Ukraynada seçkilər keçirilmədiyi üçün Zelenskinin legitimliyi ilə bağlı mübahisələr davam etsə də, ölkə daxilində onun hakimiyyəti zəifləməyib.

Son illərdə prezident komandası orduda,xüsusi xidmət orqanlarında və dövlət idarəçiliyində ciddi dəyişikliklər həyata keçirib. Müxtəlif güc mərkəzləri zəiflədilib, potensial rəqiblər isə ya vəzifədən uzaqlaşdırılıb, ya da başqa istiqamətlərə göndərilib.
Nəticədə bu gün Ukraynada hakimiyyət vertikalı böyük ölçüdə Zelenskinin nəzarəti altındadır. Onun aradan götürülməsi avtomatik olaraq Rusiyanın xeyrinə nəticə verməyə da bilər. Əksinə, bu, gözlənilməz hakimiyyət böhranı yaradaraq Qərbin daha sərt müdaxiləsinə səbəb ola bilər.

Üçüncü səbəb

Analitiklərin diqqət çəkdiyi digər mühüm amil ABŞ-ın mövqeyidir.

Vaxtilə Vaşinqtonla Kiyev arasında ciddi fikir ayrılıqları yaşansa da, sonrakı mərhələdə ABŞ administrasiyası Ukraynaya dəstəyini davam etdirdi. Bu şəraitdə Zelenskinin fiziki olaraq aradan götürülməsi yalnız Rusiya-Ukrayna münasibətlərini deyil, eyni zamanda Moskva-Vaşinqton xəttində də yeni və daha təhlükəli gərginlik yarada bilər. Kreml belə bir addımın hərbi baxımdan əldə ediləcək nəticədən daha böyük siyasi və geosiyasi risklər doğuracağını hesab edə bilər.

Nəşrin yazısından anlaşılan budur ki, hazırkı mərhələdə Zelenskinin fiziki olaraq aradan götürülməsi Rusiyaya hərbi baxımdan həlledici üstünlük qazandırmaya bilər. Əksinə, belə addım Ukraynada daha sərt səfərbərlik yaradaraq Qərbin dəstəyini artırmaq, həmçinin Moskvanın üzərinə yeni siyasi və diplomatik təzyiqlər gətirmək riski daşıyır. Kremlin bu məsələdəki həqiqi motivləri yalnız Rusiya rəhbərliyinə məlumdur.

Musavat.com