Yaxın Şərqdə son aylarda artan gərginlik fonunda Türkiyə ilə İsrail arasındakı münasibətlər də yenidən diqqət mərkəzinə gəlib. Tərəflərin regiondakı maraqlarının toqquşması mümkün risklər və gələcək ssenarilərlə bağlı müzakirələri daha da aktuallaşdırıb. Mövcud vəziyyəti və ehtimal olunan inkişaf istiqamətlərini politoloq Yeganə Hacıyeva Editor.az-a şərh edib.
Politoloq Yeganə Hacıyeva Editor.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə İsrail arasında artan gərginliyin əsasında təkcə qarşılıqlı sərt bəyanatlar deyil, regionun yeni geosiyasi düzənində üstünlük uğrunda mübarizə dayanır.:
“Ankara və Təl-Əvivin Suriya, Qəzza, Livan və İran istiqamətində strateji maraqları üst-üstə düşmür. Bu isə iki ölkə arasında rəqabəti daha da dərinləşdirən əsas amildir. Hazırda tərəflər arasında qarşıdurma birbaşa hərbi müstəvidən daha çox siyasi, diplomatik və təhlükəsizlik müstəvisində davam edir. Xüsusilə Suriyada təsir zonaları, Qəzza böhranı, Livandakı vəziyyət və İran amili Ankara ilə Təl-Əviv arasında geosiyasi rəqabətin əsas istiqamətlərini təşkil edir.
Bu rəqabət əsasən diplomatik təzyiq, kəşfiyyat fəaliyyəti və regional müttəfiqlər üzərindən aparılır. Təhlükəsizlik baxımından əsas risk Suriyada Türkiyə və İsrailin maraqlarının və ya onların dəstəklədiyi qüvvələrin toqquşması, Qəzza və Livanda yeni eskalasiya dalğasının yaranmasıdır. Belə bir şəraitdə tərəflərin siyasi ritorikasının daha da sərtləşməsi diplomatik təmasların zəifləməsinə, qarşılıqlı etimadın azalmasına və gərginliyin idarə olunmasını çətinləşdirə bilər.
Bununla yanaşı, iqtisadi və geostrateji reallıqlar tammiqyaslı müharibə ssenarisini zəiflədən əsas faktorlardır.
Türkiyə Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və enerji qovşağı, İsrail isə Şərqi Aralıq dənizi enerji layihələrinin əsas iştirakçılarından biridir. İki ölkə arasında hərbi qarşıdurma təkcə regional təhlükəsizliyə deyil, həm də enerji marşrutlarına, beynəlxalq ticarətə, investisiya mühitinə və qlobal bazarlara ciddi mənfi təsir göstərə bilər.
Məhz bu səbəbdən beynəlxalq aktorlar da belə bir ssenarinin qarşısının alınmasında maraqlıdırlar.
Ona görə də mövcud mərhələdə ən real ssenari Türkiyə ilə İsrail arasında birbaşa müharibə deyil. Daha çox müşahidə ediləcək proses uzunmüddətli siyasi qarşıdurma, diplomatik böhran, qarşılıqlı ittihamlar və regionda dolayı geosiyasi rəqabətin davam etməsidir. Bununla belə, Yaxın Şərqdə təhlükəsizlik mühitinin son dərəcə həssas və dəyişkən olması fonunda lokal hərbi insidentlər və məhdud eskalasiya ehtimalını da tam istisna etmək mümkün deyil”.
//Gülnarə Abasova, Editor.az

