“Avropa Komissiyasının Prezidenti Ursula fon der Layənin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təsdiqidir. Bu, ölkəmizin qlobal siyasi və iqtisadi proseslərdə artan rolunun, etibarlı və strateji tərəfdaş kimi mövqeyinin daha bir göstəricisidir.”
Bunu “F-Holdinq”in təsisçisi Fərid Mustafayev Editor.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu cür yüksək səviyyəli təmaslar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu və nüfuzunu bir daha nümayiş etdirir:
“Bu gün Azərbaycan təkcə region üçün deyil, Avropa və digər beynəlxalq tərəfdaşlar üçün də etibarlı və strateji tərəfdaşdır. Bu etimad uzun illər ərzində həyata keçirilən düşünülmüş xarici siyasətin və ölkənin sabit inkişafının nəticəsidir.”
F.Mustafayev qeyd edib ki, dövlətin gücü yalnız iqtisadi və ya hərbi potensialla ölçülmür:
“Əsl güc ondan ibarətdir ki, sənin mövqeyin dinlənilir, fikrin nəzərə alınır və əməkdaşlığın genişləndirilməsində maraq göstərilir. Prezident İlham Əliyevin keçirdiyi yüksək səviyyəli görüşlər də məhz Azərbaycanın bu gün malik olduğu beynəlxalq çəkini və nüfuzu nümayiş etdirir.”
O əlavə edib ki, bu cür görüşlər siyasi əhəmiyyəti ilə yanaşı, iqtisadi əməkdaşlığın genişlənməsi, yeni investisiyaların cəlbi və beynəlxalq biznes əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
“Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları, yaşıl enerji sahəsində təşəbbüsləri və əlverişli investisiya mühiti ölkəmizi beynəlxalq biznes üçün cəlbedici məkana çevirib. Avropa İttifaqı ilə münasibətlərin daha da inkişafı həm dövlətimiz, həm də özəl sektor üçün yeni əməkdaşlıq imkanları yaradacaq. Bütün bunlar Azərbaycanın beynəlxalq çəkisinin durmadan artdığını və ölkəmizin qlobal gündəmdə mühüm aktorlardan birinə çevrildiyini göstərir.”

