Simonyanın hökumətdən kənarda qalmasının sirri: Paşinyanın növbəti siyasi planı nədir?backend

Simonyanın hökumətdən kənarda qalmasının sirri: Paşinyanın növbəti siyasi planı nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hakimiyyət daxilində aparılan son kadr dəyişiklikləri və siyasi təyinatlarla bağlı müzakirələr ölkənin daxili siyasi gündəmini müəyyənləşdirən əsas mövzulardan birinə çevrilib. Xüsusilə hakim komandanın aparıcı simalarından biri olan Alen Simonyanın yeni hökumətdə yer almaması onun siyasi gələcəyi ilə bağlı müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub. Müşahidəçilər bu qərarın hakimiyyət daxilində vəzifə bölgüsünün yenidən formalaşdırılması, eləcə də gələcək siyasi planların tərkib hissəsi ola biləcəyini istisna etmirlər.

Siyasi analitik Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Alen Simonyan Nikol Paşinyanın gənc və ən sadiq komanda üzvlərindən biridir.

“Bu baxımdan, onun yeni hakimiyyət komandasından kənarda qalacağını düşünmək doğru olmaz. Hələ seçkilərdən əvvəl Simonyanın prezident postuna gətiriləcəyi ilə bağlı müzakirələr aparılırdı. Hesab edirəm ki, böyük ehtimalla bu ssenari reallaşacaq. Paşinyan Simonyanı prezident vəzifəsinə irəli çəkməklə Ermənistanın hakimiyyət iyerarxiyasında öz mövqelərini daha da möhkəmləndirməyə çalışır. Prezident postu daha çox simvolik xarakter daşısa da, Simonyanın bu vəzifəyə gətirilməsi gələcəkdə onun Paşinyanın siyasi varisi kimi önə çıxmaq ehtimalını artırır.

Eyni zamanda, hesab edirəm ki, bu cür siyasi gedişlərin mühüm hədəflərindən biri Azərbaycanın maraqlarına uyğun olaraq regionda sülh gündəliyinin qorunması və konstruktiv yanaşmanın saxlanılmasıdır. Ermənistanda Simonyan kimi Azərbaycanla münasibətlərin normallaşması və sülh istiqamətində mövqe sərgiləyən siyasətçilərin mövcudluğu diqqətçəkən amildir. Paşinyan komandasında belə siyasətçilərin təmsil olunması Ermənistanın gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır”.

//Gülnarə Abasova, Editor.az