ABŞ-ın Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, orta yaş dövründə üç mühüm risk amilinin nəzarətdə saxlanılması demensiyanın yaranmasını orta hesabla 13 il gecikdirə bilər.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu Neurology jurnalında dərc olunub.
Araşdırma çərçivəsində orta yaşı 56 olan 12,4 mindən çox insanın sağlamlıq göstəriciləri 26 il ərzində izlənilib. Bu müddət ərzində iştirakçıların 3 mindən çoxunda demensiya diaqnozu qoyulub.
Tədqiqatın nəticələrinə əsasən, 45–65 yaş arasında normal arterial təzyiqin qorunması, 2-ci tip şəkərli diabetin olmaması və siqaretdən imtina demensiya riskini əhəmiyyətli dərəcədə azaldır. Bu üç risk faktorundan uzaq olan şəxslər orta hesabla 30 ildən artıq müddətdə demensiyasız həyat sürüblər. Hər üç risk faktoruna malik insanlarda isə bu göstərici cəmi 17 ildən bir qədər çox olub.
Alimlər bildirirlər ki, orta yaş dövründə qan təzyiqinə nəzarət, diabetin profilaktikası və siqaretin tərgidilməsi beynin sağlamlığını uzun illər qorumağa kömək edir. Ekspertlərin fikrincə, bu nəticələr ürək-damar sağlamlığının qorunmasının koqnitiv pozuntular və demensiya riskinin azaldılmasında mühüm rol oynadığını bir daha təsdiqləyir.
Bundan əvvəl mütəxəssislər xəbərdarlıq etmişdilər ki, Alzheimer xəstəliyi və digər neyrodegenerativ xəstəliklər artıq yalnız yaşlı insanlara xas deyil. Son illərdə bu xəstəliklərə 50 yaşdan aşağı şəxslərdə də daha tez-tez rast gəlinir. Mütəxəssislər bunu fiziki passivlik, qeyri-sağlam qidalanma, siqaret və alkoqol istifadəsi, xroniki stress, yuxu çatışmazlığı, vitamin və mineral çatışmazlığı, eləcə də əlverişsiz ekoloji şəraitlə əlaqələndirirlər.
//Gülnarə Abasova, Editor.az

