Ömürlük gəmi həyatı vəd edilmişdi, sərnişinlər xarici limanda qaldı: Şirkət böhran yaşayır – FOTObackend

Ömürlük gəmi həyatı vəd edilmişdi, sərnişinlər xarici limanda qaldı: Şirkət böhran yaşayır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran müharibəsinin başlamasından sonra yanacağın qiymətinin kəskin artması ABŞ-da fəaliyyət göstərən Villa Vie Residences şirkətini çətin vəziyyətə salıb. Dünyanı gəmi ilə səyahət edərək yaşamaq üçün pul ödəyən təxminən 200 sərnişin Kambocanın limanında gəmini tərk etməli olub.

AFP-nin məlumatına görə, şirkət Kambocadakı fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb. Bildirilib ki, yanacaq xərclərinin gözlənilməz dərəcədə yüksəlməsi mövcud biznes modelini davam etdirməyi son dərəcə çətinləşdirib.

Şirkət xərcləri azaltmaq üçün gəminin sürətini aşağı salmaq və limanlarda daha çox vaxt keçirmək kimi tədbirlər gördüyünü bildirib. Lakin bu addımlar yanacağın bahalaşmasının yaratdığı maliyyə yükünü qarşılamağa kifayət etməyib.

Villa Vie Residences qeyd edib ki, yaranmış zərəri tamamilə sərnişinlərin üzərinə qoymaq real həll yolu deyil. Hazırda şirkət qarşıdakı 60 gün ərzində maliyyə vəziyyətinin yenidən qurulması və əlavə kapital cəlb edilməsi üzərində işləməyi planlaşdırır. Bununla belə, prosesin uğurla başa çatacağına zəmanət verilmir.

Sərnişinlər ömürlük yaşayış vədi ilə gəmiyə minmişdilər

Odyssey adlı, 650 sərnişin tutumuna malik gəmi 2024-cü ilin oktyabrında Şimali İrlandiyanın Belfast şəhərindən dünya üzrə uzunmüddətli səyahətə çıxıb. Layihə insanlara gəmidə kabinə alaraq və ya kirayələyərək həm istirahət etmək, həm də ömürlərinin qalan hissəsini dənizdə keçirmək imkanı vəd edirdi.

Şirkət kabinələri təxminən 230 min dollardan başlayan qiymətlərlə satışa çıxarmışdı. Bəzi sərnişinlərin bu səyahətə qoşulmaq üçün sahib olduqları əmlakı satdıqları bildirilir.

Kambocanın Preah Sihanouk vilayətinin qubernator müavini Lonq Dimanşın sözlərinə görə, sərnişinlərə Sihanukvil limanında gəmini tərk etmək üçün təxminən yeddi saat vaxt verilib.

Onun məlumatına əsasən, Baham adalarının bayrağı altında üzən Odyssey oktyabrın 23-də Taylanddan 203 sərnişin və 156 ekipaj üzvü ilə Kambocaya gəlib. Gəminin növbəti dayanacağının Vyetnam olması nəzərdə tutulurdu.

Qəfil boşaldılma qərarının bir çox təqaüdçünü və məsafədən çalışan şəxsi doğma ölkələrindən minlərlə kilometr uzaqda çətin vəziyyətdə qoyduğu bildirilib. Sərnişinlərin bir hissəsi təyyarə ilə şəhərdən ayrılıb, digərləri isə müvəqqəti olaraq Sihanukvildə qalıb.

Yanacaq xərcləri bir kabinə üçün ayda 8 min dollara çatıb

Şirkətin açıqlamasına görə, Asiyanın bəzi ərazilərində bir kabinənin aylıq yanacaq xərci əvvəlki təxminən 1 800 dollardan 6 000–8 000 dollaradək yüksəlib.

Bu artım şirkətin maliyyə vəziyyətinə ciddi təsir göstərib. Villa Vie Residences xərclərin bu qədər yüksəlməsini sərnişinlərə tam şəkildə yükləməyin mümkün olmadığını, yaranmış maliyyə kəsirinin isə biznes modelini təzyiq altında saxladığını bildirib.

ResidentialCruising.com bloqunun müəllifi, sərnişin Rendi Kessinqem şirkəti çətin vəziyyətdə qalan insanlara kömək etmək üçün yetərli addımlar atmamaqda ittiham edib. Şirkət isə sərnişinlərin gəmidən düşməsini təşkil etmək və müvəqqəti yaşayış imkanlarını müəyyənləşdirmək üçün onlarla əməkdaşlıq etdiyini açıqlayıb.

Şirkət sərnişinlərin, ekipaj üzvlərinin və əməkdaşların çətin dövr keçirdiyini qəbul edərək, vəziyyət dəqiqləşdikcə onlara dəstək göstərməyə çalışdığını bildirib.

Bu, Sihanukvil limanında ilk belə hadisə deyil

1993-cü ildə inşa edilən Odyssey müxtəlif şirkətlər tərəfindən fərqli adlarla istismar olunub. Gəmi 2020-ci ildə koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandırıb, 2023-cü ildə isə Villa Vie Residences tərəfindən alınıb. Hazırkı uzunmüddətli səyahət gəminin yenilənməsindən sonra Belfastdan başlayıb.

Sihanukvil limanı daha əvvəl də beynəlxalq diqqət mərkəzinə düşüb. 2020-ci ilin fevralında COVID-19 qorxularına görə bir neçə limandan qəbul edilməyən MS Westerdam kruiz gəmisinin Kambocada dayanmasına icazə verilmişdi. Həmin gəmidə 1 455 sərnişin olub.

O vaxt Kamboca hakimiyyəti humanitar səbəblərlə gəminin limana daxil olmasına razılıq vermiş, sərnişinlərin sahilə çıxması və öz ölkələrinə qayıtması üçün tədbirlər görülmüşdü.

Villa Vie Residences-in hazırkı vəziyyətinin necə nəticələnəcəyi və gəminin nə vaxt normal fəaliyyətə qayıdacağı hələ məlum deyil.

\\ Aydan Bünyatova, Editor.az