Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənəcəyinə əminliyini bildirib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə İlham Əliyevi bir daha təbrik edib. Həmçinin Ərdoğan Azərbaycan Prezidentini Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət
Sizcə, iki prezidentin telefon danışığı zamanı daha hansı məsələlər müzakirə olunmuş ola bilər?
Siyasi analitik Turan Rzayev Editor.az-a açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəngi Bakıda gözlənilirdi:

“Çünki Azərbaycanın məktəblərdə vahid məktəbli forması ilə bağlı verdiyi qərara Türkiyənin gözləniləndən sərt reaksiya verməsi, AKP-yə bağlı qrupların, şəxslərin və media subyektlərinin manipulyasiya xarakterli məlumatlar yayıb açıqca təhdid və təhqir ritorikasından istifadə etməsi münasibətləri gərginləşdirmişdi. Hətta kampaniya müəyyən mənada hələ də davam edir. Haqlı olaraq Azərbaycan tərəfi Türkiyədən belə bir zəng gözləyir, aydınlıq tələb edirdi. Təsadüfi deyil ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. R. T. Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib. Hər nə qədər rəsmi açıqlamada bildirilməsə də, heç kəsə sirr deyil ki, liderlər arasında son hadisələr müzakirə edilib. Danışığın təfərrüatı məlum olmasa da, Türkiyə Prezidentinin Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət etməsi iki şeydən xəbər verir:
Birincisi, mövcud durum nəzərə alındıqda, daha geniş və ikitərəfli müzakirəyə ehtiyac var.
İkincisi, Ankara-Bakı xəttində yaşanan gərginlik iki ölkə ilə məhdudlaşmır, TDT daxilində də narahatlıq yaradıb. Çünki təşkilatın strateji qərarları və gələcək vizyonu daha çox Ankara və Bakının ortaq qərarı ilə müəyyən edilir.
R. T. Ərdoğanın Prezident İlham Əliyevə telefon zəngi, əlbəttə, müsbət və mühümdür. Ancaq bu telefon danışığı nə son həftələr Türkiyədə Azərbaycana qarşı aparılan kampaniyanın yaratdığı narahatlığı aradan qaldırır, nə də cavabsız suallara cavab verir. Əksinə, dövlət başçıları münasibətlərin daha da inkişaf etdirilməsinə dair əminlik ifadə etdikləri halda, həmin münasibətlərə kölgə salan hadisələrin səbəbləri və vaxtında qarşısının niyə alınmadığı barədə suallar açıq qalır. Məsələ ondadır ki, sentyabrın sonlarından etibarən Türkiyədə Azərbaycana qarşı genişlənən kampaniya başlayıb və dövlətimizə, xalqımıza və ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr işlədilib. Ankarada və İstanbulda Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında altı aksiya keçirilib ki, bu da prosesin sadəcə sosial şəbəkələrdəki mübahisələrlə məhdudlaşmadığını göstərdi. Baş verənlər Azərbaycan cəmiyyətində haqlı narazılıq yaratdı. Bu kampaniyanın AKP tərəfindən, ya da lap daxilində və ətrafında olan bəzi qruplar tərəfindən aparılması məsələnin siyasi əhəmiyyətini daha da artırır. Əgər hakim partiya və ya yaxın çevrələrdəki şəxslər Azərbaycan əleyhinə belə bir prosesdə iştirak ediblərsə, məqsədləri və bu fəaliyyətin hansı maraqlara xidmət etdiyi araşdırılmalıdır. Xüsusilə kampaniyada adı hallanan Saral və digər şəxslərin roluna da aydınlıq gətirilməlidir. Kimlərin kampaniyada iştirak etdiyi, hansı addımları atdığı və bu fəaliyyətin arxasında hansı niyyətlərin dayandığı mütləq müəyyənləşdirilməlidir.
Digər bir məsələ Türkiyə dövlətinin baş verənlərə niyə vaxtında müdaxilə etməməsidir. Kampaniyanın genişləndiyi, Azərbaycan rəhbərliyinə qarşı təhqirlərin artdığı və diplomatik nümayəndəliklərimizin qarşısında aksiyaların keçirildiyi bir vaxtda Ankaranın daha aydın mövqe ortaya qoyması mümkün deyildimi? Bu prosesin iki ölkə arasındakı münasibətlərə zərər vurmaq həddinə çatmasının qarşısını almaq üçün daha erkən addımlar atıla bilməzdimi?
Bu suallar yaranı qaşımaq, ya da R. T. Ərdoğanın zənginə kölgə salmaq məqsədi daşımır. Əksinə, strateji tərəfdaş, dost, qardaş və müttəfiqiksə, bu suallara aydınlıq gətirilməlidir. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olması böhran yarandıqda susmağın və ya gec reaksiya verməyin nəticəsiz qalacağı anlamına gəlmir. Bəzən vaxtında verilən siyasi mesaj sonradan münasibətləri bərpa etmək üçün göstərilən səylərdən daha təsirli olur”.
Siyasi analitik sözlərinə görə, Türkiyədə hər kəs Azərbaycanla bağlı eyni fikirdə deyil:
“Verilən qərarlar hamı tərəfindən birmənalı qəbul olunacaq deyə də qayda yoxdur. Siyasi tənqid və fikir ayrılığı istənilən cəmiyyətdə mövcud ola bilər. Ancaq siyasi mübahisənin dövlətə, xalqa və ölkə rəhbərliyinə qarşı təhqirlərə çevrilməsi tamam başqa məsələdir.
Bu hadisələr fonunda şəxsən mənim üçün bir şəxsin açıqlaması, tutumu və sərgilədiyi mövqe çox diqqətimi çəkdi. Söhbət MHP başqanı Dövlət Baxçalıdan gedir. Cənab Baxçalı yaşına, təcrübəsinə və statusuna yaraşacaq müdriklikdə məsələyə yanaşdı, uzlaşdırıcı mövqe sərgilədi. Hətta hadisənin Türkiyə-Azərbaycan münasibətlərindəki gərginliklə məhdudlaşmayacağını, TDT-yə sıçrama ehtimallarına vurğu etdi. Subyektiv yanaşmam belədir ki, R. T. Ərdoğanın telefon zənginin pərdə arxasında məhz Dövlət bəy dayanır. Belə bir dönəmdə AKP MHP ilə qırılma yaşamaq istəməz. Baxçalının yanaşması həm də onu göstərdi ki, sekulyar çevrələr, millətçilər və müxtəlif ictimai qruplar Azərbaycana qarşı aparılan kampaniyanı dəstəkləmir, əksinə, qarşı çıxırlar. Müşahidələrimdən gəldiyim qənaət budur ki, baş verənlər bəhs etdiyim kəsimin Azərbaycanla əlaqələrin pozulmasından narahat olduğunu göstərir. Hesab edirəm ki, Türkiyədə Azərbaycana qarşı aparılan kampaniyanın yaratdığı incikliyi bir telefon danışığı ilə aradan qaldırmaq mümkün deyil. Baş verənlərə aydın münasibət bildirilməli, səsləndirilən iddialar araşdırılmalı və gələcəkdə oxşar halların qarşısını almaq üçün siyasi iradə nümayiş etdirilməlidir. Əks halda, bu hadisələr iki ölkənin münasibətlərində hər dəfə gərginlik yarananda yenidən xatırlanacaq”.
//Gülnarə Abasova, Editor.az

