ABŞ Avropada uzun mənzilli raketlər yerləşdirmək planlarından imtina edib ki, bu da qitənin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır və Rusiyaya qarşı çəkindirməni zəiflədir.
“Financial Times” qəzetinin verdiyi məlumata görə, bu qərar ABŞ-İran müharibəsi fonunda ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Fridrix Merts arasında yaranan fikir ayrılıqlarından sonra qəbul edilib. Nəşrin qeyd etdiyi kimi, eyni zamanda Vaşinqton Almaniyadan təxminən 5000 Amerika əsgərinin çıxarıldığını elan edib. Ekspertlər hesab edirlər ki, “Tomaqavk” kruiz raketləri və hipersəs sistemləri də daxil olmaqla raket yerləşdirməsinin ləğvi Avropanın müdafiəsində əhəmiyyətli bir boşluq yaradır. ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə razılaşdırılmış plan, Avropa ölkələri öz uzun mənzilli zərbə sistemlərini inkişaf etdirərkən NATO-nun imkanlarını müvəqqəti olaraq gücləndirmək məqsədi daşıyırdı.
Avropa paytaxtları ABŞ-ın aydın bir plan olmadan hərbi mövcudluğunu azaltmağa davam edə biləcəyindən və müttəfiqlərini raketdən müdafiədən tutmuş kəşfiyyata qədər əsas imkanlardan məhrum edə biləcəyindən qorxurlar. Bu, regionun təhlükəsizliyində uzunmüddətli zəifliklərə səbəb ola bilər. Avropa ölkələri artıq öz raket proqramları üzərində işləyirlər, lakin layihələrin əksəriyyəti ilkin mərhələdədir və tam hüquqlu sistemlərin hazırlanması ən azı beş il çəkə bilər. Analitiklər xəbərdarlıq edirlər ki, ABŞ siqnalı Moskvada Vaşinqtonun Avropa təhlükəsizliyinin qarantı kimi rolunun zəifləməsi və region üçün potensial olaraq risklərin artması kimi qəbul edilə bilər.
//Samir Qurbanov, Editor.az

