İsveçrədə ABŞ və İran nümayəndə heyətləri arasında keçirilməsi planlaşdırılan mühüm görüş ləğv olunub.
Editor.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsveçrənin Bürgenştok şəhərində baş tutması nəzərdə tutulan danışıqlar keçirilməyəcək. Qərb KİV-lərinin diplomatik mənbələrə istinadən yaydığı xəbərlərdə bildirilib ki, tərəflərin görüş proqramında dəyişiklik edilib.
Ağ Ev ABŞ-ın vitse-prezidenti JD Vensin İranla memorandumun imzalanması məqsədilə İsveçrəyə planlaşdırılan səfərinin ləğv olunduğunu təsdiqləyib. Vaşinqton administrasiyası rəsmi imza mərasiminin keçirilməməsinə baxmayaraq, Tehranla texniki səviyyədə danışıqların ən qısa zamanda başlanmasını istədiyini vurğulayıb.
İran Xarici İşlər Nazirliyi isə proseslə bağlı fərqli açıqlama verib. Rəsmi Tehranın məlumatına görə, iki ölkənin liderləri razılaşma mətnini artıq məsafədən imzalayıblar və bu səbəbdən İsveçrədə ayrıca imza mərasiminin keçirilməsinə ehtiyac qalmayıb.
Bununla yanaşı, İran tərəfi ABŞ ilə gələcək görüşlərdə iştirak etmək niyyətində olduğunu və danışıqlar prosesinin davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, son günlər Vaşinqton və Tehran arasında münasibətlərin normallaşdırılması və mümkün razılaşmaların əldə olunması istiqamətində diplomatik təmasların intensivləşdiyi müşahidə olunur. Bununla belə, tərəflər hələlik danışıqların detalları və əldə olunan razılaşmanın məzmunu barədə geniş məlumat açıqlamayıblar.
//Gülnarə Abasova, Editor.az


