ABŞ administrasiyası Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləməyə razılıq verib.
Bu barədə respublikaçı senator Lindsi Qrem Kiyevdə keçirdiyi mətbuat konfransında məlumat verib.
Senatorun sözlərinə görə, Ağ Evlə aparılan danışıqlar nəticəsində qanun layihəsi üzrə razılıq əldə olunub. O bildirib ki, sənədin məqsədi Rusiyaya iqtisadi təzyiqi artırmaq və Moskva ilə əməkdaşlığı davam etdirən ölkələrə qarşı daha sərt məhdudiyyətlərin tətbiqinə imkan yaratmaqdır.
Qrem əlavə edib ki, qanun layihəsinin yaxın vaxtlarda ABŞ Konqresində müzakirəyə çıxarılması və qəbul edilməsi gözlənilir. Onun fikrincə, yeni sanksiyalar Rusiyaya təzyiqi gücləndirərək Ukraynada müharibənin dayandırılması istiqamətində əlavə təsir mexanizmi ola bilər.
//Samir Qurbanov, Editor.az

