Braziliyanın San-Karlos Federal Universiteti və Böyük Britaniyanın London Universitet Kollecinin alimləri 50 yaşdan yuxarı insanlarda qarın nahiyəsində piylənmə (abdominal piylənmə) ilə D vitamini çatışmazlığının birlikdə ölüm riskini əhəmiyyətli dərəcədə artırdığını müəyyən ediblər.
Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Diabetes, Obesity and Metabolism (DOM) elmi jurnalında dərc olunub. Tədqiqat çərçivəsində İngiltərədə həyata keçirilən Yaşlanma üzrə Uzunmüddətli Araşdırmanın (ELSA) 50 yaşdan yuxarı 5 520 iştirakçısının sağlamlıq vəziyyəti altı il ərzində izlənilib.
Mütəxəssislər iştirakçıların qanında D vitamini səviyyəsini, həmçinin bel çevrəsini qiymətləndiriblər. Abdominal piylənmə kişilərdə bel çevrəsinin 102 santimetrdən, qadınlarda isə 88 santimetrdən çox olması ilə müəyyən edilib.
Nəticələr göstərib ki, hər iki amil ayrı-ayrılıqda da ölüm riskini artırır. Belə ki, qarın piylənməsi riski 47 faiz, D vitamini çatışmazlığı isə 91 faiz yüksəldir. Lakin bu iki faktor birlikdə olduqda ölüm riski 123 faiz artaraq iki dəfədən çox yüksəlir.
Tədqiqatın rəhbəri, professor Tiaqo Silva Aleksandrın sözlərinə görə, abdominal piylənmə ilə D vitamini çatışmazlığı bir-birini gücləndirən “qapalı dövrə” yaradır. Piy toxuması D vitaminini özündə topladığı üçün onun qana keçməsinə mane olur. Eyni zamanda piylənmə zamanı vitaminin orqanizmdə mənimsənilməsində iştirak edən fermentlərin fəaliyyəti də zəifləyir.
Alimlər bildirirlər ki, D vitamini çatışmazlığı piylənmə və yaşlanma ilə əlaqəli xroniki iltihabi prosesləri daha da gücləndirir. Bu isə ürək-damar və maddələr mübadiləsi xəstəliklərinin inkişafını sürətləndirə, həmçinin əzələ kütləsinin azalmasına səbəb ola bilər.
Mütəxəssislər hesab edirlər ki, 50 yaşdan yuxarı şəxslərdə bel çevrəsinə nəzarət və D vitamini səviyyəsinin mütəmadi yoxlanılması sağlam həyatın qorunması və erkən ölüm riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
//Gülnarə Abasova, Editor.az

