Siqareti tərgitdikdən sonra ağciyərlər nə qədər müddətə bərpa olunur?backend

Siqareti tərgitdikdən sonra ağciyərlər nə qədər müddətə bərpa olunur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siqaretdən imtina etdikdən sonra ağciyərlərin və ümumilikdə orqanizmin bərpa prosesi bir neçə aydan bir neçə ilədək davam edə bilər. Bərpa müddəti siqaretçəkmə müddətindən və insanın ümumi sağlamlıq vəziyyətindən asılıdır.

Editor.az xəbər verir ki, pulmonoloq Larisa Afanasyevanın sözlərinə görə, siqareti tərgitdikdən sonra orqanizmdə müsbət dəyişikliklər demək olar ki, dərhal başlayır. Siqaret tüstüsündə olan karbonmonoksid və digər toksik maddələrin təsiri azaldıqca orqanizmin oksigenlə təminatı yaxşılaşır.

Həkim bildirib ki, sonuncu siqaretdən bir neçə saat sonra orqanizmin toksinlərdən təmizlənməsi prosesi başlayır. Təxminən 12 saat sonra qanda karbonmonoksidin səviyyəsi əhəmiyyətli dərəcədə azalır və oksigenin səviyyəsi yüksəlir.

Siqaret çəkmək bronxların selikli qişasında yerləşən və ağciyərləri selikdən, tozdan və yad hissəciklərdən təmizləyən kirpikciklərə də zərər vurur. Mütəxəssisin fikrincə, 6–9 ay ərzində bu kirpikciklərin fəaliyyəti tədricən bərpa olunur. Nəticədə ağciyərlərin özünü təmizləmə qabiliyyəti yaxşılaşır və tənəffüs yollarında infeksiya riski azalır.

Təxminən 3,5 ildən sonra ağciyərlərdə iltihabi proseslər tədricən zəifləyir, selik ifrazı azalır və ağciyərlərin funksional göstəriciləri yaxşılaşır. Bu mərhələdə nəfəsalma asanlaşa, təngnəfəslik azala və tənəffüs yollarının infeksiyalara qarşı müqaviməti arta bilər.

Ən mühüm dəyişikliklərdən biri isə uzunmüddətli perspektivdə müşahidə olunur. Həkimin sözlərinə görə, siqareti tərgitdikdən təxminən 10 il sonra ağciyər xərçəngi riski əhəmiyyətli dərəcədə azalır və bəzi risk göstəriciləri heç vaxt siqaret çəkməyən insanlardakı səviyyəyə yaxınlaşa bilər.

Bununla belə, mütəxəssis xəbərdarlıq edir ki, siqaretin ağciyərlərə vurduğu bütün zərər geri dönən deyil. Xüsusilə ağciyər alveollarının məhv olması və emfizemaya bağlı struktur dəyişiklikləri tam bərpa olunmur.

Həkimlər vurğulayırlar ki, siqareti tərgitmək üçün heç vaxt gec deyil. Bərpa prosesi yavaş getsə belə, tütündən imtina həm ağciyərlərin fəaliyyətini, həm də ürək-damar və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır.

//Gülnarə Abasova, Editor.az