Yay aylarında miqren niyə artır?- Həkim səbəbləri açıqladıbackend

Yay aylarında miqren niyə artır?- Həkim səbəbləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nevroloq: Havanın temperaturunun hər 5°C artması miqren tutması riskini təxminən 19 faiz yüksəldə bilər

Yay aylarında miqren xəstələrində baş ağrısı tutmalarının tezliyi arta bilər. Buna isti hava, havasızlıq, temperatur və atmosfer təzyiqində kəskin dəyişikliklər, həmçinin orqanizmin susuz qalması səbəb olur.

Editor.az xəbər verir ki, bu barədə nevroloq, tibb elmləri namizədi Natalya Kadımova bildirib.

Mütəxəssisin sözlərinə görə, miqren ilkin baş ağrısı forması olan xroniki nevroloji xəstəlikdir: “Adətən başın bir tərəfində orta və ya güclü, pulsasiyaedici ağrı ilə özünü göstərir və fiziki aktivlik zamanı daha da şiddətlənə bilər. Tutmalar zamanı ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslıq da müşahidə oluna bilər”.

Həkim qeyd edib ki, havanın temperaturunun hər 5°C artması miqren tutması riskinin təxminən 19 faiz yüksəlməsi ilə əlaqələndirilir:

“Yüksək temperatur orqanizmin həddindən artıq isinməsinə və qan damarlarının genişlənməsinə səbəb ola bilər. Bundan əlavə, isti havada insan daha çox maye itirdiyi üçün susuzlaşma riski artır. Bu amillər miqrenə meyilli insanlarda tutmanın yaranmasına şərait yarada bilər.

Yay aylarında həyat tərzində baş verən dəyişikliklər də vəziyyəti ağırlaşdıra bilər. Gec yatmaq, səyahət zamanı saat qurşağını dəyişmək, qida qəbulunu gecikdirmək və ya ötürmək, uzun müddət günəş altında qalmaq və spirtli içkilər qəbul etmək miqren üçün əlavə təhrikedici amillər hesab olunur”.

Mütəxəssis yay aylarında miqren tutmalarının qarşısını mümkün qədər almaq üçün bir sıra sadə qaydalara əməl etməyi tövsiyə edib.

Bunlara kifayət qədər su içmək, yemək qəbulunu gecikdirməmək, həddindən artıq istidən qorunmaq, günəş altında baş geyimindən və gün eynəyindən istifadə etmək daxildir.

Həkim həmçinin məzuniyyət zamanı belə yuxu rejimini mümkün qədər dəyişməməyi tövsiyə edir. Bütün mümkün təhrikedici amilləri tamamilə aradan qaldırmaq mümkün olmasa da, onların təsirini azaltmaq olar.

Nevroloqun sözlərinə görə, miqren tutmaları müntəzəm olaraq, xüsusilə də ayda dörd və ya daha çox dəfə baş verirsə, yalnız həyat tərzinin dəyişdirilməsi kifayət etməyə bilər.

Belə hallarda tutmaların tezliyini və şiddətini azaltmağa yönəlmiş profilaktik müalicənin mümkünlüyünü həkimlə müzakirə etmək lazımdır.

Mütəxəssis qeyd edib ki, hazırda qeyri-dərman üsulları ilə yanaşı, miqrenin profilaktikasında müxtəlif dərman müalicəsi yanaşmaları, o cümlədən gepantlar qrupuna daxil olan preparatlar da mövcuddur.

Bununla belə, kifayət qədər yuxu, müntəzəm qidalanma, orqanizmdə su balansının qorunması və orta səviyyədə fiziki aktivlik miqrenin profilaktikasında mühüm rol oynamaqda davam edir.

//Gülnarə Abasova, Editor.az