Weizmann Elm İnstitutunun alimləri müəyyən ediblər ki, hər bir insanın burun vasitəsilə nəfəsalma modeli sabit və özünəməxsusdur. Bu xüsusiyyət insanın şəxsiyyət xüsusiyyətlərini müəyyənləşdirmək və orqanizmin vəziyyətini qiymətləndirmək üçün istifadə oluna bilər.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Current Biology jurnalında dərc olunub.
Təcrübə zamanı təxminən 100 könüllü 24 saat ərzində hər iki burun dəliyindən keçən hava axınını qeydə alan xüsusi cihazdan istifadə edib. Qısa müddətli tibbi testlərdən fərqli olaraq, bu ölçmələr gecə-gündüz fasiləsiz aparılıb və gündəlik həyat şəraitində nəfəsalma ilə bağlı geniş məlumatların toplanmasına imkan verib.
Aparılan analiz göstərib ki, nəfəsin dərinliyi, fasilələr, hava axınının sürəti və burun dəlikləri arasındakı fərqlər kimi onlarla parametrin birləşməsi hər insana məxsus unikal “nəfəsalma profili” formalaşdırır. Bu profil əsasında hazırlanan alqoritm fərdləri 96,8% dəqiqliklə ayırd edə bilib. Üstəlik, bu model sabit qalır – sistem iştirakçıları aylar və hətta illər sonra belə tanıya bilir.
Araşdırma həmçinin göstərib ki, nəfəsalma insanın həm fizioloji, həm də psixoloji vəziyyətini əks etdirir. Bu göstəricilər vasitəsilə şəxsin yatdığı və ya oyaq olduğu müəyyən edilə, həmçinin bədən kütlə indeksi ilə əlaqələr izlənilə bilər. Bəzi nəfəsalma xüsusiyyətlərinin isə narahatlıq səviyyəsi və depressiv əlamətlərlə bağlı olduğu üzə çıxıb. Məsələn, daha çox narahatlıq yaşayan insanların yuxu zamanı nəfəsalma ritminin daha qısa olduğu müşahidə edilib.
Alimlər bunu nəfəsalmanın beyindəki mürəkkəb sinir sistemi tərəfindən tənzimlənməsi ilə izah edirlər. Bu sistem orqanizmdən gələn siqnalları fasiləsiz emal edir və nəticədə hər bir insana xas sabit və fərqli nəfəsalma ritmi formalaşır.
//Gülnarə Abasova, Editor.az

