ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən Çin banklarına qarşı Vaşinqton tərəfindən sanksiya tətbiq edilə biləcəyini istisna etməyib.
Editor.az xəbər verir ki, məsələ ilə bağlı jurnalistlərin sualını cavablandıran Tramp ABŞ-ın belə bir addım atıb-atmayacağı ilə bağlı suala, “Kim deyib ki, mən bunu etmirəm?” ifadəsi ilə cavab verib.
Jurnalistlər ABŞ Maliyyə Nazirliyinin Çin banklarına qarşı bu istiqamətdə hər hansı rəsmi tədbir elan etmədiyini xatırladıblar. Tramp isə administrasiyanın bütün planlarını əvvəlcədən açıqlamaq məcburiyyətində olmadığını bildirib.
ABŞ lideri daha əvvəl də İranı dəstəkləyən ölkə və qurumların iqtisadi nəticələrlə üzləşə biləcəyinə dair xəbərdarlıq edib. Avqustun 20-də Tramp İranla əlaqələrə görə müəyyən dövlət və strukturlara qarşı iqtisadi təzyiq göstəriləcəyini açıqlamışdı.
Bundan əvvəl isə Tramp administrasiyasının İranla bağlı danışıqlar prosesində yanaşmasını dəyişdiyi bildirilmişdi. Ağ Evdə yeni strategiyanın Tehrana qarşı daha uzunmüddətli və sistemli iqtisadi təzyiq siyasətinə keçidi nəzərdə tutduğu qeyd olunub.
Beləliklə, Vaşinqtonun İran üzərində iqtisadi təzyiqi artırmaq siyasətinin Çinlə maliyyə əlaqələrinə də təsir göstərə biləcəyi ehtimalı gündəmə gəlib.
//Gülnarə Abasova, Editor.az

