Böyük Britaniya, Fransa və Almaniya hesab edir ki, Ukrayna cəbhədə təşəbbüsü öz əlinə keçirib və bu vəziyyət yaxın aylarda Rusiya ilə sülh danışıqları üçün daha əlverişli şərait yarada bilər.
Editor.az xəbər verir ki, Bloomberg-in anonim mənbələrə istinadən yaydığı məlumata görə, Avropa ölkələri artıq gələn ay Moskva ilə mümkün danışıqların başlanması perspektivlərini müzakirə edir. Onların fikrincə, hazırkı vəziyyət Ukraynaya əvvəlki təşəbbüslərlə müqayisədə daha sərfəli şərtlərlə danışıqlar aparmaq imkanı verə bilər.
Mənbələrin sözlərinə görə, London, Paris və Berlin hesab edir ki, Ukraynanın son hərbi uğurları Kiyevin mövqeyini gücləndirib. Bu səbəbdən Avropa paytaxtlarında mümkün danışıqların ABŞ Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putin arasında ötən il Alyaskada aparılan təmaslardan daha əlverişli nəticələr verə biləcəyi düşünülür.
Bildirilir ki, Avropa liderləri qarşıdakı beynəlxalq görüşlər zamanı Vaşinqtonun da bu təşəbbüsə dəstəyini qazanmağa çalışacaqlar.
Rəsmi Moskva və Kiyev isə yayılan məlumatlarla bağlı hələlik açıqlama verməyib. Bloomberg qeyd edir ki, müzakirələr ilkin mərhələdədir və yekun qərar qəbul olunmayıb.
//Samir Qurbanov, Editor.az


