Barselonada metroda baş verən yanğın nəticəsində 137 nəfər tüstüdən zəhərlənib, onlardan 40-ı xəstəxanaya yerləşdirilib.
Editor.az xəbər verir ki, bu barədə “La Vanguardia” məlumat yayıb.
Hadisə ötən axşam “Klot” və “Qlories” stansiyaları arasında baş verib. Qatarın maşinisti təxminən 50 metr məsafədən alov gördükdən sonra qatarı təcili dayandırıb və xilasedici xidmətlərə məlumat verib.
Məlumata görə, belə hallarda sərnişinlərə yanğınsöndürənlərin gəlməsini gözləmək tövsiyə olunur. Lakin vaqonları qatı tüstü bürüdüyündən nəfəs almaq çətinləşib. Bu səbəbdən sərnişinlər qapıları açaraq tunellə hərəkət etməyə başlayıblar.
Yanğın baş verən zaman metro qatarında təxminən 300 sərnişin olub.
İlkin məlumata görə, yanğının ən ehtimal olunan səbəbi tuneldə kontakt şəbəkəsinin örtüyünün qoparaq düşməsi olub. Hadisə nəticəsində metro xəttinin fəaliyyəti ciddi şəkildə pozulub. Qatarların hərəkətinin iyulun 28-də səhər saatlarında bərpa olunması planlaşdırılır.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
//Gülnarə Abasova, Editor.az

