Qastroenteroloq: Acqarına saqqız çeynəmək həzm sisteminə əlavə yük yarada bilərbackend

Qastroenteroloq: Acqarına saqqız çeynəmək həzm sisteminə əlavə yük yarada bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Acqarına saqqız çeynəmək, xüsusilə bu vərdiş mütəmadi xarakter daşıyırsa, həzm sisteminə mənfi təsir göstərə bilər.

Editor.az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Rüşan İsayev xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, saqqız çeynəyərkən orqanizm qida qəbuluna hazırlaşmağa başlayır. Bu zaman tüpürcək ifrazı artır, mədə şirəsinin istehsalı güclənir, həmçinin öd kisəsinin yığılması və ödün bağırsaqlara ifrazı ilə bağlı proseslər aktivləşir. Lakin mədəyə qida daxil olmadığı üçün həzm sistemi faktiki olaraq “boşuna” işləyir.

Həkim bildirib ki, bu hal mütəmadi təkrarlanarsa, xüsusilə həssas mədəsi olan insanlarda müxtəlif narahatlıqlar yarana bilər. Bunlara aclıq hissi, qarının yuxarı hissəsində diskomfort və ağrı, qıcqırma və ürəkbulanma daxildir.

Qastrit, mədə xorası, qastroezofageal reflüks xəstəliyi və mədə turşuluğunun yüksək olması kimi problemlərdən əziyyət çəkən şəxslərə isə xüsusilə diqqətli olmaq tövsiyə olunur.

Qastroenteroloq öd kisəsinə də diqqət çəkib. Onun sözlərinə görə, qida qəbulunun başladığına dair siqnal alan öd kisəsi yığılır və öd bağırsaqlara ifraz olunur. Əgər bu proses mütəmadi şəkildə qida qəbulu olmadan baş verirsə, öd yollarının normal fəaliyyətinə mənfi təsir göstərə bilər.

Xüsusilə xroniki xolesistit, öd yollarının diskineziyası və ya öd durğunluğuna meyli olan insanlarda bu vərdiş sağ qabırğaaltı nahiyədə ağırlıq, ağızda acılıq və mövcud şikayətlərin güclənməsinə səbəb ola bilər.

Bundan başqa, bir sıra saqqızların tərkibində sorbit, ksilit və mannitol kimi şəkər əvəzediciləri olur. Bu maddələrin həddindən artıq istifadəsi qarında köp, qaz əmələ gəlməsinin artması və ishala səbəb ola bilər.

Mütəxəssis nəfəsi təravətləndirmək və ya aclıq hissini azaltmaq istəyənlərə saqqızı yeməkdən sonra çeynəməyi və bunu 10–15 dəqiqə ilə məhdudlaşdırmağı tövsiyə edib.

Onun sözlərinə görə, məhz yeməkdən sonra saqqız çeynəmək tüpürcək ifrazını artırmaq, ağızdakı turşuluğu neytrallaşdırmaq və ağız boşluğunun təmizlənməsinə kömək etmək baxımından faydalı ola bilər. Lakin saqqızı səhər yeməyinin əvəzi kimi istifadə etmək və ya onu mütəmadi olaraq acqarına çeynəmək məsləhət görülmür.

//Gülnarə Abasova, Editor.az