Fransada iyul ayında üç muzeydə oğurluq hadisəsi baş verib. Oğrular qısa müddət ərzində tarixi sikkələr, qiymətli zinət əşyaları və nadir arxeoloji artefaktlar oğurlayıblar.
Editor.az xəbər verir ki, “Le Parisien” qəzetinin yazdığına görə, hadisələr Tarn, Kot-d’Or və Aşağı Reyn departamentlərində qeydə alınıb.
İlk oğurluq iyulun 1-də Tarn departamentində yerləşən Montana Arxeologiya Mərkəzində baş verib. Gecə saatlarında naməlum şəxslər anbarın qapısını sındıraraq içəri daxil olublar. Oğrular 15 dəqiqədən az müddətdə təxminən 40 ədəd, eramızdan əvvəl 50-ci ilə aid sikkə götürüblər. Hadisə nəticəsində dəymiş ziyanın 120 min avronu keçdiyi bildirilir.
Cəmi dörd gün sonra, iyulun 5-də oğrular Vingen-sür-Moder kommunasında yerləşən Lalique Muzeyinə hücum ediblər. Onlar balyoz və çəkiclərdən istifadə edərək altı vitrinə zərər vurub, 27 ədəd zinət əşyası oğurlayıblar. Hadisə cəmi 10 dəqiqə ərzində baş verib və muzeyə 4,5 milyon avrodan çox ziyan dəyib.
Ən səs-küylü oğurluq isə iyulun 24-də Kot-d’Or departamentinin Şatillon-sür-Sen kommunasındakı regional muzeydə baş verib. İki quldur vitrinlərdən birini sındıraraq muzeydə saxlanılan, “Viks xanımı” kimi tanınan nadir qızıl boyunbağını götürüblər.
Kelt dövrünə aid zəngin qadının məzarından tapılan bu qiymətli artefaktın çəkisi 480 qramdır və onun eramızdan əvvəl V əsrə aid olduğu bildirilir. Tarixi əhəmiyyətinə görə boyunbağı əvəzolunmaz hesab edilir. Oğurluqla bağlı şübhəlilərdən birinin saxlanıldığı qeyd olunur.
Qeyd edək ki, Fransada son dövrlərdə muzey və mədəniyyət obyektlərinə qarşı oğurluq hallarının artması diqqət çəkir. Bundan əvvəl ölkədə divara yapışdırılmış məşhur “banan” sənət əsəri də oğurlanmışdı.
//Gülnarə Abasova, Editor.az

