Yaxın Şərqdə dəyişən geosiyasi dinamika fonunda ABŞ–İran münasibətlərində müşahidə olunan son proseslər regionun gələcək təhlükəsizlik arxitekturası ilə bağlı yeni suallar doğurur. Hərbi qarşıdurmadan diplomatik təmaslara keçid ehtimalı müxtəlif siyasi dairələrdə fərqli qiymətləndirilsə də, proseslərin mahiyyətini tərəflərin strateji maraqları, regional güc balansı və beynəlxalq təhlükəsizlik mühiti kontekstində dəyərləndirmək daha məqsədəuyğundur. Azərbaycan üçün isə əsas prioritet regionda sabitliyin qorunması, nəqliyyat-kommunikasiya marşrutlarının təhlükəsizliyi və milli maraqlara xidmət edən proqnozlaşdırılan təhlükəsizlik mühitinin təmin edilməsidir.
Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, onun qənaətinə görə, əldə oluna biləcək istənilən razılaşma və ya barışığın uzunmüddətli xarakter daşıyacağı inandırıcı görünmür:
“Çünki faktiki olaraq bu iki dövlət – İranla Amerika Birləşmiş Ştatları – antaqonist tərəflərdir. Yəni bir-birlərini inkar edən qüvvələrdir. Onların ekzistensial xarakter daşıyan ixtilafları mövcuddur. Burada üçüncü aktor da var – İsrail. Onun mövcudluğu bütün prosesləri bir qədər də kəskinləşdirir. Əlbəttə, İsrailə lazım olan odur ki, İran heç vaxt, belə deyək də, qamətini saxlaya bilməsin. Sonra onlar özləri də bilirlər ki, bu nüvə məsələsi qondarma bir məsələdir. Halbuki İran həqiqətən də nüvə silahına doğru getmirdi. Məsələ heç ali dini liderin fətvasından da getmir. Məsələ ondadır ki, bu özü-özlüyündə çox baha başa gələn bir texnologiyadır.
Ola bilsin ki, indi İran bunun haqqında düşünür. Mən bunu istisna etmirəm. Həm də o sentrifuqaları ki, bunlar düzəldiblər, sonra uranın zənginləşdirilmə göstəricilərini artırırdılar və sair. Bu da ondan irəli gəlirdi ki, amerikalılar İsrailin təsiri ilə çalışırdılar ki, MAQATE-ni də bu işə bəraət qazandıran tərəfə çevirsinlər. Və MAQATE də faktiki olaraq casusluqla məşğul idi. Yəni İranın bütün nüvə dosyesini, demək olar ki, İsrailin və Amerikanın ixtiyarına verirdi.
Odur ki, indiki zamanda artıq Amerika Birləşmiş Ştatları anladı ki, bu münaqişəyə çox böyük ehtiyatsızlıqla qoşulub və faktiki olaraq İsrail Amerikanı böyük bir problemə cəlb edib. Amma əvvəldən edilmiş proqnozların heç biri özünü doğrultmadı.
Baxın, indi Amerika İrandan nə tələb edir, nə istəyir? Hörmüz boğazının açılmasını. Məgər o əvvəllər bağlı idi? Bağlı deyildi ki. Hətta 12 günlük müharibədən sonra da açıq idi. Amma qəfildən, fevralın 28-də bu il Amerika İsraillə birgə əməliyyat keçirdikdə İran artıq əvvəlcədən – hələ Əli Xameneyi özü demişdi – əgər bizə hücum olsa, bu artıq region müharibəsi olacaq, Amerikanın bazaları və İsrail bizim qanuni hədəflərimiz olacaq və biz sözümüzdən dönməyəcəyik. İran da öz sözünə əməl etdi. Baxmayaraq ki, ali dini lideri qətlə yetirdilər”.
Onun sözlərinə görə, Amerika başa düşdü ki, İran dilemması Vaşinqtonun istədiyi kimi həllini tapmayacaq:
“Çünki faktiki olaraq İran təkcə Amerikanı deyil, dünya siyasətini də çıxılmaz vəziyyətə saldı. Yəni dünya bazarlarına gedən neftin təxminən 20 faizi Hörmüz boğazından keçirdisə, ilk növbədə bunun mənfi təsirlərini kim hiss etdi? Amerikada yaşayan sadə insanlar – vergiödəyicilər. Bilavasitə ABŞ daxilində inflyasiya artmağa başladı, benzinin qiymətləri yüksəldi və nəticədə cəmiyyət arasında ciddi narazılıq yarandı. Çünki müharibənin əsaslandırılması üçün irəli sürülən bəhanə nə idi? İranın təhdid yaratması. Kimə? Amerikalıların böyük əksəriyyəti birmənalı şəkildə deyir ki, İranın Amerika Birləşmiş Ştatlarına heç bir təhdidi yox idi. İsraillə öz problemləri var, bu başqa məsələdir. Biz niyə bu məsələyə qoşulmalı idik və qoşulmaqla nə əldə etdik?
Məsələ burasındadır ki, məhz Amerika Birləşmiş Ştatlarının diplomatiyası burada gerilədi. Digər tərəfdən, hərbi müstəvidə də Amerika, demək olar ki, ciddi uğursuzluqla üzləşdi. İndiyə qədər Amerikanın hərbi bazalarını bu qədər intensiv şəkildə atəşə tutan ikinci bir ölkə olmayıb. Yaxın Şərqdə 15-16-ya yaxın ABŞ hərbi bazası var idi və onların hamısı hədəfə çevrildi. İlk növbədə radarlar, yəni hərbi sistemin gözləri və qulaqları sıradan çıxarıldı. Odur ki, Amerika burada həm diplomatik, həm də hərbi-siyasi böhrana qədəm qoydu.
Buna görə də, ABŞ-ın 250 illik yubileyi ərəfəsində, iyulun 4-də geniş şəkildə qeyd olunacaq bir vaxtda dünya hegemonu hesab edilən dövlət belə yarımçıq vəziyyətdə yubileyini qarşılayırsa, deməli, proseslər o qədər də ürəkaçan istiqamətdə inkişaf etmir. Ona görə də nəyin bahasına olursa-olsun Donald Tramp bildirdi ki, razılaşmanı əldə edəcək. İndi İsrail də, əlbəttə ki, çalışacaq bütün bu prosesləri əvvəlki kimi pozsun.
Sonra hələ bilmək olmaz ki, Fars körfəzində vurulan Amerikanın “Apache” helikopteri kim tərəfindən vurulub. Çünki İran dedi ki, bu bizim səhvimizdir, amma biz bunu araşdırmalıyıq. Bilinmir ki, burada üçüncü qüvvənin əli olub, ya yox. Hər halda Donald Tramp anladı ki, daha dərinə getsə, özünü daha da çıxılmaz vəziyyətə salacaq və buna görə də artıq bu saziş yoluna üstünlük verir.
Deməli, Hörmüz açılır, İranın dondurulmuş aktivləri sərbəstləşdirilir. İran da öz şərtlərini artıq, demək olar ki, irəli sürüb və çalışacaq ki, son 47 ilin bütün acı nəticələrinin əvəzini mümkün qədər çıxmağa nail olsun.
Və burada mən deyərdim ki, Amerikanın İrandakı fəaliyyətinin tarixi 47 il deyil. Yəni 47 il əvvəl inqilab baş verdi, Məhəmməd Rza Pəhləvi ölkədən getdi və onunla birlikdə İsrailin və Amerikanın kəşfiyyat şəbəkələri də İrandan çıxarıldı. Amma Amerikanın bu proseslərdəki rolunun tarixi daha qədimə – 1953-cü ilə gedib çıxır. Baş nazir Məhəmməd Müsəddiqin devrilməsi məhz Amerika Birləşmiş Ştatlarının rezidenturasının fəaliyyəti nəticəsində baş verdi. Orada keçmiş prezident Ruzveltin qardaşı oğlu Kermit Ruzvelt Amerikanın casus şəbəkəsinin rəhbəri idi və o, “Ayaks” (Ajax) adlı əməliyyatı həyata keçirdi. Bununla da, demək olar ki, İran demokratiyasına ciddi zərbə vuruldu və onun ağır nəticələrini İran xalqı yaşadı. Şah rejimi isə ölkədə faktiki olaraq tam nəzarəti ələ keçirdi.
Bax belə. Odur ki, əgər Donald Tramp Benyamin Netanyahunun təsiri altına düşməsə və öz suveren siyasi xəttini qoruyub saxlaya bilsəydi, bu müharibə ümumiyyətlə baş verməyə də bilərdi”.
//Gülnarə Abasova, Editor.az


