Nevroloq həkim Kseniya Şevtsovanın sözlərinə görə, miqrenin əsas səbəbi beyindəki sinir hüceyrələrinin həddindən artıq həssaslaşması və asanlıqla həddən artıq aktivləşməsidir.
Editor.az xəbər verir ki, bu prosesdə ağrı siqnallarının ötürülməsində və iltihabi reaksiyaların güclənməsində mühüm rol oynayan CGRP (kalsitonin geninə bağlı peptid) adlı neyropeptid iştirak edir.
Mütəxəssis bildirib ki, miqrenin kökündə əsasən genetik amillər dayanır. Xəstəlik zamanı trigemino-vaskulyar sistemin neyronları həddindən artıq oyanır. Bu sistem üçlü sinirin periferik və mərkəzi hissələrini, eləcə də kəllədaxili qan damarlarını birləşdirən mürəkkəb sinir şəbəkəsidir.
Həkimin sözlərinə görə, miqren ağrısının yaranmasında əsas mexanizmlərdən biri CGRP zülalının aktivliyidir. Normal şəraitdə bu maddə hüceyrələrarası əlaqəni təmin etsə də, miqren zamanı onun fəaliyyəti ağrını emal edən beyin strukturlarının həssaslığını artırır.
Şevtsova qeyd edib ki, stress, hava şəraitinin dəyişməsi, hormonal faktorlar və bəzi qida məhsulları kimi tetikleyicilər trigeminal sistemin aktivliyini daha da gücləndirir. Nəticədə neyron mənşəli iltihab yaranır və insan güclü baş ağrısı hiss edir.
Mütəxəssis vurğulayıb ki, miqren zamanı həssaslıq əsasən baş ağrısına yönəlir və klassik qeyri-steroid iltihabəleyhinə preparatlar hər zaman effektiv olmur. Bundan əlavə, eyni şəxsdə belə miqren tutmalarının gücü və davametmə müddəti fərqli ola bilər.
Həkimin fikrincə, hər bir insanın mərkəzi sinir sisteminin neyrokimyəvi quruluşu fərqli olduğundan, ağrı sindromlarına reaksiyalar da fərdi xarakter daşıyır.
//Gülnarə Abasova, Editor.az


