Azərbaycanın Mərkəzi Asiya siyasətində YENİ MƏRHƏLƏ – Orta Dəhliz ölkəmizə nə qazandırır?backend

Azərbaycanın Mərkəzi Asiya siyasətində YENİ MƏRHƏLƏ – Orta Dəhliz ölkəmizə nə qazandırır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Mərkəzi Asiya münasibətlərində müşahidə olunan dinamika hər iki tərəfin marağındadır. Prezident İlham Əliyevin Özbəkistan və Qırğızıstana səfərləri, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində diplomatik təmaslar əlaqələrin uzunmüddətli strateji tərəfdaşlıq xarakteri daşıdığını təsdiqləyir. Siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması, strateji tərəfdaşlıq sənədlərinin imzalanması və iqtisadi layihələrin genişlənməsi uzunmüddətli perspektivlər yaradır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Özbəkistan və Qırğızıstanla əlaqələrin inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

“Azərbaycan–Özbəkistan münasibətlərində “Əbədi dostluq” münasibətləri, Qırğızıstanla isə strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanması ikitərəfli əlaqələrin siyasi iradə və qarşılıqlı etimad üzərində qurulduğunu göstərir.
Xəzər dənizinə çıxış, müasir liman infrastrukturu, dəmir yolları və beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizə Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında mühüm bağlantı rolunu oynamaq imkanı verir.

Xüsusilə Orta Dəhliz bu əməkdaşlığın iqtisadi əsasını gücləndirən mühüm layihədir. Qazaxıstan, Özbəkistan və digər Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi Azərbaycan üçün də yeni tranzit, logistika və investisiya perspektivləri yaradır. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri ölkəmizin bu prosesdəki rolunu daha da artırır.

Bu baxımdan Azərbaycan müxtəlif iqtisadi məkanları birləşdirən strateji tərəfdaş rolunu gücləndirir. Nəqliyyat əlaqələrinin inkişafı ticarətin artmasına, yeni investisiyaların cəlb olunmasına və regionlar arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir.

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin inkişafı Türk Dövlətləri Təşkilatının imkanlarını da genişləndirir. Bu təşkilat çərçivəsində siyasi, iqtisadi, nəqliyyat və humanitar əməkdaşlığın gücləndirilməsi Türk dünyasının beynəlxalq münasibətlər sistemində daha fəal və əlaqələndirilmiş mövqe tutmasına şərait yaradır.
Azərbaycanın bu prosesdə fəallığı onun Türk dünyasında təşəbbüskar dövlətlərdən biri kimi mövqeyini möhkəmləndirir. Ölkəmiz həm Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinə, həm də Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən tərəfdaşlığa əsaslanaraq Türk dünyasının müxtəlif coğrafi hissələri arasında əlaqələrin inkişafına töhfə verir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinə də müsbət təsir göstərir:

“Çünki müasir dünyada dövlətlərin nüfuzu həm də müxtəlif regional əməkdaşlıq platformalarında oynadığı rol, tərəfdaşlıq şəbəkəsinin genişliyi və qlobal layihələrə verdiyi töhfə ilə müəyyən olunur. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya, Türkiyə və Avropa arasında bağlantı imkanlarını inkişaf etdirməsi ölkəmizin regional proseslərdə əhəmiyyətini artırır. Bu, həm iqtisadi, həm də diplomatik baxımdan əlavə imkanlar qazandırır.
Bir sözlə, Azərbaycanın Avrasiya məkanında etibarlı tərəfdaş və mühüm nəqliyyat-logistika mərkəzi kimi mövqeyi də daha da güclənməkdədir”.

//Gülnarə Abasova, Editor.az