Britaniyada alimlər dərman preparatlarının sınaqdan keçirilməsi və tibbi araşdırmalarda heyvanlardan istifadənin azaldılması məqsədilə insan hüceyrələrindən miniatür orqanlar və müxtəlif toxumalar yetişdirməyə başlayacaqlar.
Editor.az xəbər verir ki, yeni layihə çərçivəsində Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin pasiyentlərindən götürülən hüceyrə və toxuma nümunələrindən istifadə olunacaq. Alimlər bu materiallar əsasında müxtəlif xəstəliklərin ayrı-ayrı insanlarda necə inkişaf etdiyini araşdırmağı planlaşdırırlar.
Tədqiqatçılar hesab edirlər ki, belə modellər konkret xəstə üçün hansı müalicə üsulunun daha effektiv ola biləcəyini müəyyənləşdirməyə kömək edəcək. Bununla yanaşı, insan toxumaları əsasında yaradılan modellərin xəstəliklərin öyrənilməsində ənənəvi heyvan modellərindən daha dəqiq və etibarlı nəticələr verməsi gözlənilir.
Mütəxəssislərin fikrincə, bu yanaşma gələcəkdə dərmanların hazırlanması prosesinə ciddi təsir göstərə və elmi araşdırmalarda istifadə olunan heyvanların sayını əhəmiyyətli dərəcədə azalda bilər.
Kembric Universitetinin Kök Hüceyrələri İnstitutunun klinik pediatrik qastroenterologiya professoru Matthias Zilbauer bildirib ki, yeni texnologiyaların tətbiqi heyvanlardan istifadənin azalmasına və gələcəkdə yeni dərmanların hazırlanma üsulunun dəyişməsinə ciddi təsir göstərəcək.
Bununla belə, alim qeyd edib ki, heyvanlar üzərində aparılan sınaqlar yaxın gələcəkdə tamamilə dayandırılmayacaq. Çünki bəzi tədqiqat və testləri yeni yaradılan insan toxuması modelləri ilə həyata keçirmək hələ mümkün deyil.
Yeni yanaşmanın əsas üstünlüyü isə dərmanların insan orqanizminə təsirini insan hüceyrələri və toxumaları üzərində daha real şəkildə öyrənmək imkanı verməsidir. Bu, həm dərmanların hazırlanmasını sürətləndirə, həm də gələcəkdə heyvanlar üzərində aparılan təcrübələrin sayını azaltmağa imkan yarada bilər.
//Gülnarə Abasova, Editor.az

