Valideynin uşağa əsəbiləşməsi, yorulması və ya qəzəblənməsi normaldır. Lakin münaqişə zamanı deyilən bəzi sözlər uşağın psixologiyasına ciddi təsir göstərə, onun özünəinamını və valideynlərinə olan güvənini sarsıda bilər.
Editor.az xəbər verir ki, uşaq psixoloqu və neyropsixoloq Anastasiya Kuzminanın sözlərinə görə, xüsusilə uşağın şəxsiyyətini hədəf alan ifadələrdən çəkinmək lazımdır. “Sən pissən”, “Səndən yalnız problem çıxır”, “Niyə normal uşaq ola bilmirsən?” kimi sözlər uşağa problemin onun konkret davranışında deyil, özündə olduğu mesajını verir. Mütəxəssis bunun əvəzinə uşağın şəxsiyyətini deyil, etdiyi hərəkəti qiymətləndirməyi tövsiyə edir. Məsələn, “Sən pissən” demək əvəzinə “İndi etdiyin hərəkət mənim xoşuma gəlmədi” söyləmək daha doğrudur.
Uşağı digər uşaqlarla müqayisə etmək də düzgün yanaşma hesab olunmur. “Qardaşına bax”, “Bütün uşaqlar uşaq kimi davranır, sən isə…” kimi ifadələr uşağı dəyişməyə həvəsləndirmək əvəzinə onda özünü digər uşaqlardan aşağı görmək, inciklik və qısqanclıq hissi yarada bilər. Belə münasibət uşağın valideyn sevgisini və təsdiqini daim qazanmalı olduğunu düşünməsinə səbəb ola bilər.
Psixoloq valideynlərə emosional şantajdan da uzaq durmağı məsləhət görür. “Sənin ucbatından başım ağrıyır”, “Sən məni qəbirə salacaqsan”, “Belə davransan, səni sevməyəcəyəm” kimi sözlər uşağın valideyninin emosional vəziyyətinə görə məsuliyyət daşıdığını düşünməsinə səbəb olur. Bu isə zamanla narahatlıq, günahkarlıq və səhv etmək qorxusunu gücləndirə bilər.
Uşağın hisslərini kiçiltmək də valideynlərin yol verdiyi səhvlərdən biridir. “Ağlama, bunda nə var ki?”, “Qorxmağa heç nə yoxdur”, “Uydurma” kimi ifadələr uşağın yaşadığı emosiyaları yox etmir. Əksinə, uşaq öz hisslərini ifadə etməyin düzgün olmadığı qənaətinə gələ bilər. Mütəxəssis əvvəlcə uşağın hisslərini qəbul etməyi, daha sonra problemin həlli barədə danışmağı tövsiyə edir. Məsələn, “Görürəm ki, indi qorxursan” və ya “Sənin çox məyus olduğunu başa düşürəm” demək daha faydalıdır.
Valideynlərin uşağı qorxutmaq üçün istifadə etdiyi “Burada səni qoyub gedəcəyəm”, “Səni yad adama verəcəyəm”, “Uşaq evinə göndərəcəyəm” kimi hədələr də təhlükəli hesab olunur. Kiçik yaşlı uşaqlar bu sözləri çox vaxt sözün həqiqi mənasında qəbul edir və nəticədə valideynlərinə olan güvənlərini itirə bilərlər.
Psixoloq həmçinin uşağa “tənbəl”, “ağlağan”, “səliqəsiz”, “simic” kimi etiketlər yapışdırmamağı tövsiyə edir. Uşaq zaman keçdikcə bu sözləri öz şəxsiyyətinin bir hissəsi kimi qəbul edə və həmin xüsusiyyətlərə uyğun davranmağa başlaya bilər.
Mütəxəssisə görə, valideynlər üçün əsas prinsip uşağın özünü deyil, konkret davranışını qiymətləndirməkdir. Uşaq səhv etdikdə onun şəxsiyyətini alçaltmaq əvəzinə, hansı davranışın düzgün olmadığını izah etmək həm münasibətlərin qorunmasına, həm də uşağın sağlam özünəinamının formalaşmasına kömək edir.
//Gülnarə Abasova, Editor.az

