Diabet və hipertoniya dad hissini zəiflədir: xəstələr daha çox duz və şəkər qəbul edə bilərbackend

Diabet və hipertoniya dad hissini zəiflədir: xəstələr daha çox duz və şəkər qəbul edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı alimlər 2-ci tip şəkərli diabetlə arterial hipertoniyanın birlikdə dad hissinə təsirini araşdırıblar.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, hər iki xəstəliyin eyni vaxtda müşahidə olunduğu insanlarda şirin və duzlu dadları qəbul etmə həddi əhəmiyyətli dərəcədə yüksəlir. Bu isə qidaların dadının daha zəif hiss olunmasına və nəticədə insanın daha çox şəkər və duz qəbul etməsinə səbəb ola bilər.

Araşdırmada yaşı 65-69 arasında olan 70 pasiyent iştirak edib. Onlardan 40 nəfərində həm 2-ci tip diabet, həm də hipertoniya aşkarlanıb.

Məlum olub ki, hər iki xəstəliyi olan pasiyentlərdə şirin dadı hiss etmək üçün tələb olunan hədd sağlam iştirakçılarla müqayisədə 2,9 dəfə, duzlu dad üçün isə 3,5 dəfə yüksək olub.

Alimlərin fikrincə, diabet zamanı qanda qlükozanın yüksək olması dad reseptorlarının fəaliyyətinə mənfi təsir göstərə bilər. Hipertoniya isə dad məməciklərində qan dövranını və toxumaların oksigenlə təminatını poza bilər. Bəzi təzyiqsalıcı dərmanların da dad qavrayışına təsir göstərə biləcəyi qeyd olunur.

Daha az dad hiss edənlər daha çox şəkər və duz istəyir

Tədqiqatın diqqətçəkən nəticələrindən biri dad həssaslığı azaldıqca insanların şirin və duzlu qidalara meylinin artması olub.

Mütəxəssislər hesab edirlər ki, burada bir növ “qapalı dövr” yarana bilər: insan yeməyin dadını əvvəlki kimi hiss etmədikdə daha güclü dad əldə etmək üçün qidaya əlavə şəkər və ya duz qatır. Bu isə diabet və hipertoniya zamanı tövsiyə olunan pəhrizin effektivliyini azalda bilər.

Diş itkisi də dad hissinə təsir edə bilər

Araşdırmada daha bir mühüm əlaqə müəyyən edilib. İştirakçıların itirdiyi dişlərin sayı ilə dad pozuntularının səviyyəsi arasında əlaqə aşkarlanıb.

Altıdan çox dişini itirən pasiyentlərdə şirin və duzlu dadları hiss etmə həddi üçdən çox dişi olmayan insanlarla müqayisədə əhəmiyyətli dərəcədə yüksək olub.

Alimlər bildirirlər ki, bu nəticələr yaşlı pasiyentlər üçün qidalanma tövsiyələri hazırlanarkən yalnız diabet və hipertoniya deyil, həm də dad həssaslığının və ağız-diş sağlamlığının nəzərə alınmasının vacibliyini göstərir.

//Gülnarə Abasova, Editor.az