Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Quru döyüşləri azalır, hava və dənizdə eskalasiya artırbackend

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Quru döyüşləri azalır, hava və dənizdə eskalasiya artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsində son günlər döyüşlərin xarakterində ciddi dəyişiklik müşahidə olunur. Cəbhə xəttində quru qoşunları arasında birbaşa toqquşmaların intensivliyi nisbətən azalsa da, bunun əvəzində pilotsuz uçuş aparatları və raketlər vasitəsilə qarşılıqlı zərbələrin miqyası genişlənir. Xüsusilə enerji və yanacaq infrastrukturu, logistika mərkəzləri, hərbi-sənaye obyektləri və arxa cəbhədə yerləşən strateji hədəflər üzərinə hücumların artması müharibənin daha təhlükəli mərhələyə keçdiyini göstərir. Son günlər qarşılıqlı zərbələr nəticəsində həm Ukraynada, həm də Rusiyanın müxtəlif bölgələrində itkilər və infrastruktura ziyan barədə məlumatların yayılması da bu tendensiyanı təsdiqləyir.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, hazırkı mənzərəni müharibənin zəifləməsi deyil, onun xarakterinin dəyişməsi kimi qiymətləndirmək daha doğru olar.

Onun sözlərinə görə, tərəflər artıq yalnız cəbhə xəttində üstünlük əldə etməyə deyil, qarşı tərəfin iqtisadi və hərbi potensialını zəiflətməyə çalışırlar:

“Son həftələrdə Rusiya-Ukrayna cəbhəsində quru qoşunları arasında döyüşlərin intensivliyinin və şiddətinin müəyyən qədər azalmasını müşahidə edirik. Lakin bu, müharibənin səngiməsi anlamına gəlmir. Əksinə, quru döyüşlərinin yerini getdikcə daha çox kamikadze-dronlar, raket zərbələri və uzaqmənzilli silahlar tutur. Eyni zamanda Qara dəniz hövzəsində də gərginliyin artması diqqətdən yayınmamalıdır.

Tərəflərin həm havada, həm də dənizdə üstünlük əldə etmək uğrunda mübarizəsi müharibənin yeni fazaya daxil olduğuna işarədir. Bu mərhələ əvvəlkilərdən daha təhlükəli ola bilər. Çünki artıq söhbət yalnız cəbhədəki hərbi mövqelərdən getmir. Tərəflər bir-birinin həyati əhəmiyyət daşıyan iqtisadi və hərbi obyektlərini sistemli şəkildə hədəfə alırlar.

Neftayırma zavodları, yanacaq anbarları, enerji infrastrukturu, yaşayış massivləri, arxa cəbhədə yerləşən silah-sursat anbarları və hərbi-sənaye müəssisələri əsas hədəflər sırasında yer alır. Bu zərbələrin məqsədi qarşı tərəfin yalnız hərbi imkanlarını məhdudlaşdırmaq deyil, həm də iqtisadi resurslarını tükətməkdir. Müharibə uzandıqca hər iki ölkənin üzərinə düşən iqtisadi yük artır, sosial problemlər dərinləşir və cəmiyyət daxilində narazılıq riski yüksəlir”.

Politoloq hesab edir ki, müharibənin uzanması Rusiyanın ilkin planlarında nəzərdə tutulan ssenaridən fərqli olsa da, Moskva döyüş meydanından ciddi nəticə əldə etmədən çıxmaq istəmir.

“Rusiyanın bu müharibəni bu qədər uzun müddət davam etdirmək niyyətində olduğunu düşünmürəm. Lakin Moskva artıq böyük resurslar sərf etdiyi savaşdan əli boş çıxmaq istəmir. Bu səbəbdən Rusiyanın atəşkəs məsələsinə hələlik ehtiyatlı və soyuq yanaşması müəyyən mənada başadüşüləndir. Kreml üçün əsas məsələ təkcə döyüşlərin dayandırılması deyil, müharibənin nəticələrinin Rusiyanın siyasi və strateji maraqlarına uyğun şəkildə rəsmiləşdirilməsidir.

Beynəlxalq ekspertlərin bir qisminin hazırkı mərhələni müharibənin ən təhlükəli etaplarından biri hesab etməsi də təsadüfi deyil. Çünki tərəflərin hərbi potensialı hələ tükənməyib və qarşılıqlı zərbələrin coğrafiyası genişlənir. Belə vəziyyətdə lokal hadisənin daha böyük eskalasiyaya çevrilməsi ehtimalı kifayət qədər yüksəkdir”.

Fəqani Məhərrəmli son dövrlərdə Rusiya daxilində Ukraynanın paytaxtı Kiyevə qarşı yeni hərbi əməliyyat imkanının müzakirə olunmasına da diqqət çəkib.

“Artıq uzun müddətdir ki, Rusiyanın bəzi hərbi və siyasi dairələrində Kiyevin ələ keçirilməsi istiqamətində yeni əməliyyatın başlanması ilə bağlı fikirlər səsləndirilir. Təbii ki, belə bir əməliyyatın nə dərəcədə real olduğu ayrıca məsələdir. Lakin Ukraynanın son dövrlərdə Rusiyanın dərinliklərinə, o cümlədən strateji və bəzi hallarda mülki infrastruktura yaxın ərazilərə endirdiyi zərbələr Moskvanın cavab tədbirlərini sərtləşdirməsinə səbəb ola bilər.

Əgər Rusiya rəhbərliyi bu hücumları öz ərazisinə qarşı artan təhlükə kimi qiymətləndirərsə, cavab zərbələrinin miqyasını daha da genişləndirə bilər. Bu isə Kiyev istiqamətində yeni hərbi ssenarilərin gündəmə gəlməsi ehtimalını artırır. Ancaq hazırda bunun qaçılmaz olduğunu söyləmək düzgün olmaz”.

Politoloq Rusiya-NATO qarşıdurması ehtimalının da müharibənin ən təhlükəli istiqamətlərindən biri olduğunu vurğulayıb:

“ABŞ kəşfiyyat strukturlarının Rusiyanın NATO-nu sınaqdan keçirmək məqsədilə alyans üzvlərindən birinə qarşı məhdud xarakterli hərbi addım ata biləcəyi ilə bağlı qiymətləndirmələri diqqətdən kənarda qala bilməz. Burada əsas təhlükə ondan ibarətdir ki, Rusiya ilə NATO ölkələrindən biri arasında hətta məhdud sərhəd insidenti belə daha genişmiqyaslı qarşıdurmaya çevrilə bilər.

NATO ölkələrindən birinin ərazisinə qarşı hərbi insident alyansın kollektiv müdafiə mexanizmlərini işə sala bilər. Bu isə Rusiya-Ukrayna müharibəsinin mahiyyətini dəyişdirərək onu daha geniş regional, hətta qlobal qarşıdurma riskinə yaxınlaşdıra bilər.

Mən hesab edirəm ki, yaxın aylarda əsas təhlükə yalnız Rusiya və Ukrayna arasında yeni hücum dalğasının başlaması deyil. Əsas risk müharibənin nəzarətdən çıxaraq yeni aktorları və yeni coğrafiyaları əhatə etməsidir. Qara dənizdə gərginliyin artması, Rusiyanın dərinliklərinə dron hücumlarının genişlənməsi, Ukraynanın enerji və hərbi infrastrukturunun intensiv şəkildə vurulması və tərəflərin bir-birinin iqtisadi resurslarını sıradan çıxarmağa çalışması müharibənin yeni və daha təhlükəli fazaya keçdiyini göstərir.

Ona görə də hazırkı mərhələdə atəşkəsə nail olmaq əvvəlkindən daha vacibdir. Əks halda müharibənin uzanması təkcə Rusiya və Ukrayna üçün deyil, bütövlükdə Avropa təhlükəsizlik sistemi üçün daha ağır nəticələr yarada bilər”.

//Gülnarə Abasova, Editor.az