Ekstremal istilər Avropada taxıl, meyvə və tərəvəz məhsullarının istehsalına ciddi zərər vurub. Mütəxəssislər bunun payız aylarında ərzaq qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola biləcəyini bildirirlər.
Editor.az xəbər verir ki, Avropada ərzaq məhsullarının qiymətlərinin bu ilin payızında əhəmiyyətli dərəcədə bahalaşa biləcəyi proqnozlaşdırılır. Buna səbəb kimi qitədə müşahidə olunan anomal istilər və bunun kənd təsərrüfatı məhsullarının istehsalına vurduğu zərər göstərilir.
İsveçin Aftonbladet nəşrinin məlumatına görə, anomal hava şəraiti taxıl, tərəvəz və meyvə məhsullarının məhsuldarlığını ciddi şəkildə azaldıb. İsveç Kənd Təsərrüfatı Universitetinin dosenti Şon Ferqyusonun qiymətləndirməsinə əsasən, xüsusilə Fransada yaz və yay aylarında müşahidə olunan yüksək temperatur buğda və qarğıdalı istehsalına ciddi ziyan vurub.
Mütəxəssis hesab edir ki, taxıl qıtlığı ət məhsullarının da bahalaşmasına gətirib çıxara bilər. Bununla yanaşı, meyvə və tərəvəz məhsullarında zəif məhsuldarlıq ərzaq bazarında qiymətlərə əlavə təzyiq yaradacaq.
İsveç Qida İstehsalçıları İttifaqının baş iqtisadçısı Karl Ekkerdal isə iqlim dəyişikliyinin artıq yeni reallığa çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, iqlim dəyişikliklərinin kənd təsərrüfatı və ərzaq istehsalına təsiri müvəqqəti xarakter daşımır.
Ekkerdal hesab edir ki, istehlakçılar iqlim dəyişiklikləri səbəbindən ərzaq məhsullarının davamlı olaraq bahalaşmasına alışmalı olacaqlar. Onun qiymətləndirməsinə görə, iqlim amilinin ərzaq qiymətlərinin illik artımındakı payı təxminən 3 faiz təşkil edir.
Bundan əlavə, ərzaq bazarında qiymət artımına davam edən silahlı münaqişələrin də təsir etdiyi bildirilir. İsveçli ekspertlər xüsusilə Ukrayna taxılının ixracı ilə bağlı problemləri, Rusiya gübrələrinin tədarükündə yaranan çətinlikləri və Hörmüz boğazında gəmiçilik fəaliyyətinin bloklanmasını qeyd ediblər.
Oxşar proqnoz Niderlandın Triodos Bankının analitikləri tərəfindən də səsləndirilib. Onlar ekstremal istilərin iqtisadi nəticələrinin Avropanın proqnozlaşdırılan iqtisadi artımını faktiki olaraq sıfırlaya biləcəyini bildiriblər.
Beləliklə, ekspertlərin fikrincə, iqlim dəyişiklikləri, zəif kənd təsərrüfatı məhsuldarlığı və geosiyasi risklərin eyni vaxtda təsir göstərməsi Avropada ərzaq bazarında payız aylarında qiymət artımını sürətləndirə bilər.
//Gülnarə Abasova, Editor.az

