Şərurlu İsfəndiyarın “yeni vəzifə” açıqlaması rezonans doğurdu: əmri kim verib?backend

Şərurlu İsfəndiyarın “yeni vəzifə” açıqlaması rezonans doğurdu: əmri kim verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun məktəblərlə bağlı çıxışı gündəm olub. O, “Zarafat bir yana” verilişində hazırda böyük məktəb tikintiləri ilə məşğul olduğunu və hətta özünü bu müəssisələrdən birinin rəsmi “rektoru” elan edildiyini deyib. Aparıcının “Təhsil almadan rektor olmaq olur?” sualına isə iş adamı, “Rektorun təhsilə nə dəxli var, bu, sadəcə bir vəzifədir”, – deyə qarşılıq verib.

Məktəbi tikdirən şəxs rəhbəri də özü təyin edir? Elm və Təhsil Nazirliyinin bu işdə rolu nədir? “Şərurlu İsfəndiyar” məktəb tikir, rektoru da özü seçir – qanun nə deyir?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, sözügedən açıqlamaya münasibətdə məsələyə yalnız şəxsin təhsilinin və ya peşəsinin olub-olmaması prizmasından yanaşmaq düzgün olmazdı:

“Burada əsas hüquqi məsələ məktəbin hansı hüquqi statusa malik olması, onun təsisçisinin kim olması, təhsil fəaliyyətinin hansı əsasla həyata keçirilməsi və rəhbərin hansı hüquqi prosedur əsasında təyin edilməsidir. İlk növbədə qeyd edilməlidir ki, məktəb binasının tikintisi ilə həmin məktəbin idarə olunması və rəhbərinin təyin edilməsi hüquqi baxımdan eyni məsələ deyil. Bir sahibkarın öz vəsaiti hesabına məktəb binası tikdirməsi və ya onun tikintisini maliyyələşdirməsi həmin şəxsi avtomatik olaraq məktəbin təsisçisinə, mülkiyyətçisinə və ya rəhbər təyin etmək səlahiyyətinə malik şəxsə çevirmir. Qanunvericiliyimizdə ümumi təhsil müəssisələrinin dövlət, bələdiyyə və özəl formada fəaliyyət göstərməsi nəzərdə tutulur. Buna görə də konkret məktəbin hüquqi statusu müəyyən edilmədən onun rəhbərinin kim tərəfindən təyin edilə biləcəyi barədə qəti nəticəyə gəlmək mümkün deyil.

“Ümumi təhsil haqqında” Qanununun 20.2-ci maddəsində ümumi təhsil müəssisələrinin rəhbərlərinin təyin edilməsi ilə bağlı fərqli hüquqi mexanizmlər müəyyən olunub. Dövlət ümumi təhsil müəssisəsinin rəhbəri müvafiq dövlət orqanı tərəfindən, bələdiyyə ümumi təhsil müəssisəsinin rəhbəri bələdiyyə tərəfindən, özəl ümumi təhsil müəssisəsinin rəhbəri isə təsisçi və ya təsisçilər tərəfindən təyin edilir. Bu norma məsələnin hüquqi mahiyyətini kifayət qədər aydın göstərir: rəhbəri təyin etmək səlahiyyəti məktəbin kim tərəfindən tikilməsindən deyil, onun hüquqi statusundan və təsisçilik münasibətlərindən irəli gəlir”.

Hüquqşünasın sözlərinə görə, sahibkar dövlət məktəbinin tikintisini maliyyələşdirə, məktəb binası inşa etdirə və həmin binanı dövlətə təhvil verə bilər:

“Lakin bu fakt özlüyündə ona həmin məktəbin direktorunu təyin etmək hüququ vermir. Dövlət məktəbinin rəhbərinin təyin edilməsi dövlət tərəfindən müəyyən edilmiş hüquqi prosedurlara uyğun həyata keçirilməlidir. Bu baxımdan Elm və Təhsil Nazirliyinin rolu da xüsusi əhəmiyyət daşıyır. Dövlət ümumi təhsil müəssisələrinin direktorlarının seçilməsi və təyin olunması sahəsində nazirlik tərəfindən müəyyən edilmiş müsabiqə və qiymətləndirmə mexanizmləri tətbiq olunur. Nazirliyin son illərdə həyata keçirdiyi direktor seçimi proseslərində namizədlər idarəetmə, liderlik, pedaqoji və təşkilati bacarıqlar baxımından qiymətləndirilir. Deməli, dövlət məktəbinin tikintisində iştirak edən sahibkarın həmin məktəbin direktorunu şəxsi qərarı və ya öz əmri ilə təyin etməsi qanunvericilikdə nəzərdə tutulmuş ümumi idarəetmə modelinə uyğun gəlmir.

Lakin məsələnin digər tərəfi də mövcuddur. Əgər söhbət özəl ümumi təhsil müəssisəsindən gedirsə, hüquqi vəziyyət fərqlidir. Qanunvericilik özəl təhsil müəssisəsinin təsisçisinə müəssisənin rəhbərliyinin formalaşdırılmasında müəyyən səlahiyyətlər verir. “Təhsil haqqında” Qanununun 30.4-cü maddəsinə əsasən özəl təhsil müəssisəsinə rəhbərlik təsisçilər tərəfindən təyin edilmiş rəhbər tərəfindən həyata keçirilir. Bu səbəbdən əgər İsfəndiyar Axundovun haqqında danışdığı məktəb onun və ya onun yaratdığı hüquqi şəxsin təsis etdiyi özəl ümumi təhsil müəssisəsidirsə, həmin məktəbin rəhbərinin təsisçi tərəfindən təyin edilməsi prinsip etibarilə qanunvericiliyə zidd deyil”.

Ellada Bayramova qeyd edib ki, özəl məktəbin təsisçisi olmaq təhsil qanunvericiliyinin digər tələblərindən azad olmaq demək deyil:

“Özəl ümumi təhsil müəssisəsinin fəaliyyəti qanunvericiliyin müəyyən etdiyi tələblərə, o cümlədən lisenziyalaşdırma, dövlət təhsil standartları, kadr təminatı və digər tələblərə uyğun olmalıdır. “Ümumi təhsil haqqında” Qanunun 16-cı maddəsində ümumi təhsil müəssisələrinin, dövlət ümumi təhsil müəssisələri istisna olmaqla, təhsil fəaliyyətinin lisenziya əsasında həyata keçirilməsi nəzərdə tutulur. Bu baxımdan məktəbin təsisçisi rəhbər şəxsi təyin etmək səlahiyyətinə malik olsa belə, həmin rəhbərin və ümumilikdə məktəbin fəaliyyəti təhsil sahəsində müəyyən edilmiş qanuni tələblərə cavab verməlidir.

Məsələnin ictimai müzakirəsində diqqət çəkən başqa bir məqam “rektor” ifadəsinin işlədilməsidir. Hüquqi terminologiya baxımından ümumi təhsil müəssisəsinin rəhbəri üçün əsasən “rəhbər” və “direktor” anlayışlarından istifadə olunur. “Rektor” anlayışı isə əsasən ali təhsil müəssisələrinin rəhbərinə münasibətdə işlədilir. “Təhsil haqqında” Qanunda ümumi təhsil və ali təhsil müxtəlif təhsil pillələri kimi fərqləndirilir. Bu səbəbdən məktəb rəhbərindən söhbət gedirsə, hüquqi baxımdan “rektor” deyil, “məktəb direktoru” və ya “ümumi təhsil müəssisəsinin rəhbəri” ifadəsi daha dəqiq hesab olunur.

Digər tərəfdən, “təhsili olmayan şəxs məktəb rəhbəri ola bilərmi?” sualına da yalnız şəxsin diplomunun olub-olmaması üzərindən cavab vermək düzgün deyil. Burada konkret müəssisənin hüquqi statusu və rəhbər vəzifəsinə dair qanunvericiliklə müəyyən edilmiş kvalifikasiya tələbləri nəzərə alınmalıdır. Dövlət məktəblərində rəhbər vəzifələrə qəbul xüsusi prosedurlar, müsabiqə və müvafiq tələblər əsasında həyata keçirilir. Özəl məktəblərdə isə təsisçinin rəhbəri təyin etmək səlahiyyəti mövcud olsa da, bu səlahiyyət həmin şəxsin qanunla müəyyən edilmiş peşəkar və digər tələblərdən kənarda fəaliyyət göstərə bilməsi anlamına gəlmir. Bu baxımdan İsfəndiyar Axundovun açıqlamasını hüquqi cəhətdən qiymətləndirərkən “O, məktəb tikib, deməli, direktorunu da təyin edə bilər” formasında sadə bir məntiq qurmaq mümkün deyil”.

Hüquqşünas bildirib ki, hüquqi baxımdan əsas məsələ məktəbin kim tərəfindən tikilməsi deyil, onun kimə məxsus olması və hansı hüquqi statusda fəaliyyət göstərməsidir:

“Əgər sahibkar yalnız məktəbin binasını tikdiribsə və həmin bina dövlətin istifadəsinə və ya mülkiyyətinə verilibsə, sahibkarın həmin məktəbin direktorunu təyin etmək hüququ yaranmır. Sahibkar özəl məktəbin təsisçisidirsə, qanunvericilik ona həmin məktəbin rəhbərinin təyin edilməsində səlahiyyət verə bilər. Bu iki hüquqi vəziyyət arasında prinsipial fərq var. Ona görə də İsfəndiyar Axundovun konkret olaraq hansı məktəbləri tikdirdiyi, həmin məktəblərin sonradan hansı hüquqi statusda fəaliyyət göstərdiyi, onların kimin mülkiyyətində olduğu, təsisçinin kim olduğu, təhsil fəaliyyətinə dair lisenziyanın kimə verildiyi və məktəb rəhbərinin hansı sənədlə təyin edildiyi müəyyən edilmədən onun açıqlamasına “qanunsuzdur” və ya “tamamilə qanunidir” formasında qəti hüquqi qiymət vermək də düzgün olmaz. Məsələnin hüquqi mahiyyətini müəyyən etmək üçün məhz bu sənədlərə baxmaq lazımdır”.