Bu gün ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi, milyonlarla insanın maraqla gözlədiyi futbol üzrə Dünya Çempionatı start götürür. Dünyanın ən böyük idman hadisəsi olan bu turnir ölkəmizdə də böyük coşğu və maraqla izlənilir.
Maraqlıdır, builki Dünya Çempionatında millət vəkillərimiz şəxsən hansı ölkənin komandasına azarkeşlik edir və turnirin baş mükafatını qazanmaq üçün əsas favoritləri kimdir?
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Editor.az-a açıqlamasında bildirib ki, mundial hər bir futbol azarkeşinin dörd il ərzində səbirsizliklə gözlədiyi ən möhtəşəm futbol bayramıdır:

“Mənim də həmçinin…Təbii ki, hər zaman olduğu kimi Türkiyə yığmasına azarkeşlik edirəm. Bu sırada çempionatın sürpriz komandası Özbəkistan yığmasına da azarkeşlik edəcəyəm.
Favoritim Braziliyadır. Türkiyə yığmasından isə gözləntilərim çoxdur”.
Millət vəkili Razi Nurullayev isə bildirib ki, hər zaman Argentina komandasına azərkeşlik edib:

“Əgər favorit komandam turnirdən çıxarsa, ikinci Braziliya komandasına keçid edəcəm. Özbəkistan isə ilk dəfədir oynayacaq və onların oyununu maraqla gözləyirəm. Bir də Afrika futbolu çox maraqlıdır. Onlar da bizim kimi qapıya çatırlar, amma qol vura bilmirlər. Amma bütövlükdə bütün oyunları izləyəcəm”.
Deputat Naqif Həmzəyev isə favorit komandalarının Türkiyə, Özbəkistan, İspaniya, Portuqaliya, Almaniya olduğunu deyib.

Millət vəkili Müşfiq Cəfərov isə bütün oyunları diqqətlə izləyəcəyini və favorit komandasının İspaniya olduğunu deyib.

//Gülnarə Abasova, Editor.az


