İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına yaxınlaşacaq istənilən gəminin “düşmənlə əməkdaşlıq” etmiş hesab olunacağını bəyan edib və bütün gəmilərə limanlarda qalmaq çağırışı edib.
Editor.az xəbər verir ki, bu barədə İranın Fars agentliyinə istinadən yayılan rəsmi açıqlamada bildirilib.
Bəyanatda qeyd olunub ki, Fars və Oman körfəzlərində yerləşən heç bir gəmi limanları tərk etməməlidir. Hörmüz boğazına doğru hərəkət edən istənilən gəmi düşmən qüvvələri ilə əməkdaşlıq edən obyekt kimi qiymətləndiriləcək.
Məlumata görə, iyunun 11-nə keçən gecə İran Hörmüz boğazını bütün növ gəmilərin, o cümlədən neft tankerlərinin və ticarət gəmilərinin hərəkəti üçün bağladığını elan edib. İran ordusunun “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı bildirib ki, boğazdan keçməyə cəhd edən istənilən gəmi hücuma məruz qala bilər.
İran tərəfi bu qərarı ABŞ tərəfindən həyata keçirildiyi iddia olunan hərbi əməliyyatlar və Hörmüzqan əyalətinin bəzi cənub bölgələrinə edilən hücumlarla əlaqələndirib. Bunun fonunda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı əlavə zərbələrin endirildiyini açıqlayıb. Rəsmi Tehran isə buna cavab olaraq Yaxın Şərq regionunda ABŞ-ın maraqlarını təmsil edən hədəflərə zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.
Bu xəbər beynəlxalq enerji bazarları və qlobal dəniz nəqliyyatı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında təhlükəsizlik vəziyyətinin daha da gərginləşdiyini göstərir.
//Gülnarə Abasova, Editor.az


