İspaniyanın Barselona şəhərində son 112 ilin ən yüksək temperaturu qeydə alınıb.
Şəhərin qərbində yerləşən Fabra Meteoroloji Rəsədxanasında havanın temperaturu 40,5 dərəcə təşkil edib.
Editor. xəbər verir ki, bununla da 2024-cü ilin iyulunda qeydə alınmış 40 dərəcəlik əvvəlki rekord yenilənib.
İspaniya Dövlət Meteorologiya Agentliyinin (AEMET) məlumatına görə, Aralıq dənizi sahilində yerləşən El-Prat meteoroloji stansiyasında da temperatur 37,7 dərəcəyə çataraq bu məntəqə üzrə tarixi maksimum göstərici olub.
Hazırda İspaniyada davam edən güclü istilər dalğası ölkənin bir sıra bölgələrini əhatə edir. Sinoptiklərin proqnozuna əsasən, bəzi ərazilərdə havanın temperaturu 44 dərəcəni ötür. Bununla əlaqədar Kataloniya və Valensiyanın bəzi hissələrində ən yüksək – qırmızı təhlükə xəbərdarlığı elan edilib.
Mütəxəssislər bildirirlər ki, son illər müşahidə olunan iqlim dəyişiklikləri Avropada ekstremal istilərin daha tez-tez və daha intensiv baş verməsinə səbəb olur.
//Gülnarə Abasova, Editor.az

