Galaxy S25+ ilə bağlı insidentbackend

Galaxy S25+ ilə bağlı insident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Çindao şəhərində Samsung Galaxy S25+ smartfonu gecə saatlarında şarj edilərkən qəfil tüstülənərək yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Bu barədə GizmoChina məlumat yayıb.

Məlumata görə, hadisə iyulun 31-də baş verib. Telefonun sahibi cihazı gecə yatmazdan əvvəl şarja qoşub. Bir müddət sonra yüksək səs eşidilib və smartfondan tüstü çıxmağa başlayıb. Telefonun sahibi yanğını söndürə bilib.

Hadisədən sonra cihaz araşdırılması üçün Samsung-un Cənubi Koreyadakı servis mərkəzinə təqdim edilib. Şirkət avqustun 12-də araşdırmanın nəticələrini açıqlayıb.
Samsung-un qənaətinə görə, smartfon daha əvvəl yerə düşüb və zərbə nəticəsində batareyası zədələnib.

Şirkət batareyada yaranan dəliyin şarj zamanı yanğına səbəb olduğunu bildirib. Buna görə də hadisəni istifadəçi səhlənkarlığı ilə əlaqələndirərək kompensasiya ödəməkdən imtina edib.

Lakin cihazın sahibi Samsung-un açıqlaması ilə razılaşmır. O, smartfonun arxa panelindəki zədələrin əksinə, batareyanın alışması nəticəsində yarandığını iddia edir. İstifadəçi şirkətdən araşdırmanın ətraflı hesabatını və kompensasiyadan imtinanın əsaslarını tələb etsə də, Samsung bu sənədləri təqdim etməyib.

Hazırda hadisənin dəqiq səbəbinin məhz hansı amildən qaynaqlandığı müstəqil şəkildə təsdiqlənməyib. Samsung isə insidenti genişmiqyaslı texniki problem kimi qiymətləndirməyib. Galaxy S25+ ilə bağlı daha əvvəl də şarj zamanı yanğın hadisələri barədə məlumatlar yayılıb.