Pub, restoran və kafelərdə yeniyetmələrin və qadınların qəlyan çəkməsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Sonuncu dəfə Ümid Partiyasının sədri İqbal Ağazadə məsələni gündəmə gətirib. O, qadınların övladlarının yanında qəlyan çəkməsini, eləcə də bəzi pub-larda “qızlara qəlyan pulsuzdur” kimi elanların verilməsini yolverilməz hesab edib.
İqbal Ağazadə bunun gənclərin, yeniyetmələrin və uşaqların psixologiyasın mənfi təsir etdiyini deyib. Partiya sədri qadınların övladının gözü qarşısında qəlyan çəkməsini, qızların pub-larda əylənməsini tənqid edib.
Bəs bu sahədə qanunvericilik hansı tələbləri müəyyənləşdirir? Yeniyetmələrin qəlyan istifadəsinin qarşısının alınması ilə bağlı aidiyyəti dövlət qurumlarının hansı səlahiyyətləri var və ictimai iaşə obyektlərində buna nə dərəcədə nəzarət olunur?
Globalinfo.az-a danışan deputat Azər Badamov deyib ki, qəlyan tütün məmulatlarına bərabər tutulduğundan, bununla bağlı qanunvericilikdə müəyyən qaydalar və məhdudiyyətlər mövcuddur:
“Tütün məmulatlarının ictimai yerlərdə istifadəsi qadağan olunduğu kimi, qanunvericiliklə müəyyən edilmiş hallarda qəlyan çəkilməsinə də məhdudiyyətlər tətbiq edilir. Bu baxımdan obyektin pub, restoran və ya kafe olması əsas məsələ deyil. Əsas məsələ həmin məkanın qanunla tütün məmulatlarının istifadəsinin qadağan edildiyi ictimai iaşə obyekti olub-olmamasıdır. Tütün məmulatlarının istifadəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş xüsusi yerlər təşkil edilə bilər. Belə yerlər müvafiq tələblərə, o cümlədən havalandırma və sanitar-gigiyenik normalara cavab verməlidir. Tütün və ya qəlyan çəkmək istəyən şəxslər yalnız qanunla icazə verilən və bunun üçün ayrılmış ərazilərdən istifadə etməlidirlər”.
Deputat bildirib ki, uşaqların yanında valideynlərin, o cümlədən anaların qəlyan və ya digər tütün məmulatlarından istifadə etməsi məsələsinə yalnız hüquqi deyil, həm də sosial və mənəvi məsuliyyət baxımından yanaşmaq lazımdır:
“Uşağın tütün tüstüsünə məruz qalması onun sağlamlığı üçün zərərli olmaqla yanaşı, valideynin davranışını nümunə kimi qəbul edən uşağın gələcəkdə tütün və digər nikotin məhsullarından istifadəyə meyl göstərməsi riskini də artıra bilər. Bu baxımdan hər bir valideyn ilk növbədə, övladının sağlamlığını və gələcəyini düşünərək belə davranışlardan mümkün qədər uzaq olmalıdır”.
Deputat deyib ki, bəzi pub-larda və digər iaşə obyektlərində “qızlara qəlyan pulsuzdur” kimi elan və kampaniyaların təşkil olunması da ciddi suallar doğurur:
“Qəlyanın tütün məmulatlarına bərabər tutulduğunu nəzərə alsaq, belə kampaniyaların tütün istifadəsinin təşviqi və reklamı baxımından hüquqi qiymətləndirilməsi vacibdir. Tütün və tütün məmulatlarının reklamı və onların istifadəsinin stimullaşdırılması qanunvericiliklə məhdudlaşdırılır və bir sıra hallarda qadağan edilir. Əgər belə hallar mütəmadi şəkildə baş verirsə, aidiyyəti dövlət qurumları tərəfindən onların araşdırılması və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi zəruridir. Xüsusilə yetkinlik yaşına çatmayanların qəlyan istifadəsinə cəlb edilməsi və ya onlara tütün məmulatlarının təqdim olunması halları ayrıca diqqətdə saxlanılmalıdır.
Hesab edirəm ki, bu məsələyə yalnız ayrı-ayrı şəxslərin davranışı kimi deyil, həm də ictimai sağlamlıq məsələsi kimi yanaşmaq lazımdır. Qanunvericilikdə mövcud normaların icrası ilə yanaşı, praktikada ortaya çıxan yeni halların da araşdırılması və zərurət yaranarsa, qanunvericiliyin daha da təkmilləşdirilməsi məqsədəuyğun olardı. Əsas məqsəd isə tütün və qəlyan istifadəsinin, xüsusilə də yeniyetmələr arasında yayılmasının qarşısının alınması və uşaqların sağlam mühitdə böyüməsinin təmin edilməsidir”.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirib ki, polis əməkdaşları tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun tələblərindən irəli gələn vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılır:
“Respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə mütəmadi olaraq monitorinqlər və profilaktik tədbirlər həyata keçirilir”.
Cəsarət Qənbərli daha bir məqamı qeyd edib:
“Qanunla qadağan edilmiş yerlərdə tütün məmulatlarından istifadə edən, tullantılarını ətraf mühitə atan, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satan şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Bir daha hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, qanunvericiliyin tələblərinə riayət etməyə çağırırıq”.

