İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanı “İslam Respublikası Britaniya” adlandırıb və ölkənin nüvə silahına malik ilk İslam respublikasına çevrilə biləcəyini bildirib.
Netanyahu bu fikirləri İsrail ordusunun radiosunda yayımlanan podkast müsahibəsində səsləndirib. O, Britaniyanın İsrailə münasibətini tənqid edərək ölkədə əvvəlki illərlə müqayisədə İsrailə qarşı münasibətin dəyişdiyini iddia edib.
İsrail hökumətinin başçısı daha sonra Britaniyanın nüvə silahına malik “ilk İslam respublikası” ola biləcəyi barədə fikri səsləndirib və bunun İranla bağlı narahatlıqlara da toxunduğunu bildirib.
Netanyahunun açıqlamaları Böyük Britaniyada və İsraildə geniş reaksiyaya səbəb olub.
Britaniya Xarici İşlər Nazirliyi onun sözlərini “tamamilə qəbuledilməz” adlandıraraq məsələni İsrail hökumətinin diqqətinə çatdırdığını açıqlayıb.
Qeyd edək ki, Netanyahunun “ilk İslam respublikası” ifadəsi faktoloji baxımdan mübahisəlidir. Pakistanın rəsmi adı İslam Respublikasıdır və ölkə 1998-ci ildə nüvə silahını sınaqdan keçirib.
//Samir Qurbanov, Editor.az

