Kiyev ABŞ Prezidenti Donald Trampın administrasiyasına Rusiyanın Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsini hətta 2027-ci ildə də tam ələ keçirə bilməyəcəyinə dair qiymətləndirmə təqdim edib.
Editor.az xəbər verir ki, bu barədə Kyiv Independent sənədə istinadən məlumat yayıb. Bildirilir ki, sənəd Ukraynanın Vaşinqtondakı səfirliyi vasitəsilə Tramp administrasiyasına təqdim olunub. Ağ Ev rəsmisi də ABŞ administrasiyasının bu qiymətləndirməni aldığını təsdiqləyib.
Sənəddə qeyd olunur ki, Rusiya ordusunun Donetsk istiqamətində ərazi üzrə irəliləyiş tempi əhəmiyyətli dərəcədə zəifləyib. Ukrayna hazırda Donetsk vilayətinin təxminən 21–22 faizinə nəzarət edir.
Kiyevin hesablamalarına görə, Rusiya qüvvələrinin aylıq ərazi qazancı 100 kvadrat kilometrdən aşağı düşüb. Mövcud tempin qorunacağı təqdirdə, Moskvanın Donetsk vilayətinə dair elan etdiyi hərbi məqsədlərə çatması 2027-ci ildən sonraya qala bilər.
Məlumata görə, Rusiya Ukraynanın Donbasdan qoşunlarını çıxarmasını sülh danışıqlarının əsas şərtlərindən biri kimi irəli sürür. Kiyev isə Vaşinqtona Rusiyanın regionu hərbi yolla tam nəzarətə götürmək imkanlarının əvvəlki dövrlə müqayisədə zəiflədiyini göstərməyə çalışır.
Kyiv Independent həmçinin qeyd edir ki, Moskva daha əvvəl Donetsk vilayəti və ümumilikdə Donbasın 2025-ci ilin sonuna qədər ələ keçirilməsini hədəfləmişdi. Lakin Rusiya qüvvələri bu məqsədə nail olmayıb.
//Samir Qurbanov, Editor.az

